Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: “QAPINI SINDIRDILAR, İÇƏRİ GİRƏN KİMİ…”backend

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: “QAPINI SINDIRDILAR, İÇƏRİ GİRƏN KİMİ…”

Yanvarın 22-də Gvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub.

Hokm.az Virtualaz.org-a istinadən xəbər verir ki, hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin anlar baş verənləri danışıb. Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça bilib.

Xatırladaq ki, Liberiya bayrağı altında üzən “Mozart” adlı gəmiyə hücum edən dəniz quldurları Azərbaycan vətəndaşı olan heyət üzvü, ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər. 15 heyət üzvünü isə girov götürüblər və gəmidən uzaqlaşıblar. Xilas olan gəmi kapitanı və 2 heyət üzvü gəmini Gabon limanına istiqamətləndirib.

Süha Tatlıgül və oğlu

Süha Tatlıgül deyir ki, quldurların gəmiyə hücumu səhər saat 6 radələrində başladı. “Kapitan otağına girib qapıları içəridən bağladıq. 6-7 saat qapıları qırmağa çalışdılar. Saat 13.30 radələrində “laqunda” ilə kəsib içəri keçdilər. Mən qapının açıldığını görəndə lyuku açıb aşağı tullandım, qaranlıq yerdə gizləndim. İçəri girən kimi atəş açdılar. Azərbaycan Türkü olan ikinci mühəndisimiz öldü. 14.30 radələrində sakitlik yarandı. Heyət üzvlərindən biri quldurların getdiyini xəbər verdi, çölə çıxdım. Dərhal mühərrikləri işə salıb yola çıxdıq”,-türkiyəli dənizçi bildirir.

Gəmi dünən axşam saatlarında Gabonun Port-Gentil limanı sahillərinə yan alıb. Türkiyənin Librevildəki səfiri Nilufer Erdem Kayğısız “Anadolu” agentliyinə bildirib ki, qayıqlarla gəmiyə yan alacaqlar və azərbaycanlı dənizçinin cənazəsini götürəcəklər. Cənazə əvvəlcə morqa aparılacaq, daha sonra Azərbaycana yola salınması üçün zəruri tədbirlər görüləcək.

Quldurların qaçırdığı 15 heyət üzvünün hamısı Türkiyə vətəndaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dənizçilərin xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi üçün tapşırıq verib, Türkiyənin Nigeriya və qonşu ölkələrdəki səfirlikləri hərəkətə keçib. Quldurların dənizçiləri hansı istiqamətə apardığı hələ məlum deyil. Bir qayda olaraq afrikalı dəniz quldurları qaçırdıqları dənizçilərə görə iri məbləğlərdə pul tələb edirlər.

  •  (0)
  •  (0)