“Delta”dan 15 dəfə TƏHLÜKƏLİDİR – “Omikron” dünyanı təhdid edirbackend

“Delta”dan 15 dəfə TƏHLÜKƏLİDİR – “Omikron” dünyanı təhdid edir

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusun yeni ştammını ən ciddi kateqoriyaya – “narahatlıq doğuran variant” kateqoriyasına daxil edib və ona Yunan əlifbasının 15-ci hərfi ilə Omikron (O) adı verib. DST bildirib ki, əvvəllər B.1.1.529 variantı kimi tanınan ştamm ilk dəfə Cənubi Afrikada aşkar olunub və “bəziləri ciddi narahatlıq doğuran çoxsaylı mutasiyalara malikdir”.
İlkin əlamətlər koronavirusun bu variantının digərləri ilə müqayisədə təkrar yoluxma ehtimalının böyük olduğu göstərir: “Bu variant infeksiyanın bundan əvvəlki partlayışları ilə müqayisədə daha sürətli əmsalla aşkar olunub və buna görə də yayılma üstünlüyünə malik olduğu düşünülür”.
Avropada Omikrona ilk yoluxma artıq Belçikada qeydə alınıb. Belçikada bu variant xaricdən gələn vaksinsiz şəxsdə tapılıb. B.1.1.529 variantı hələ ki, nisbətən aşağı yoluxma göstəriciləri ilə Cənubi Afrika Respublikasında, Botsvana, Honq Konq və İsraildə aşkar olunub. Amma Honq Konqda bu virusun daşıyıcısı kimi aşkar edilmiş şəxs tam peyvənd olunmuşdu.
Narahatlıqla bağlı Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən Britaniya Cənubi Afrika və Afrikanın başqa beş ölkəsindən – Namibiya, Lesoto, Botsvana, Esvatini və Zimbabvedən gələn bütün reysləri bazar günü səhər saat 4-dək dayandırıb. Bundan sonra ölkəyə gələn Britaniya vətəndaşları hökumətin ayırdığı otellərdə 10 gün müddətində karantində qalacaqlar, bu ölkələrdən gələn qeyri-vətəndaşlar isə Britaniyaya ümumiyyətlə buraxılmayacaqlar.
Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib ki, Cənubi Afrikada son iki həftədə yoluxmalar həndəsi silsilə ilə, dördqat artır. Hərçənd bu artımın yeni variantın hesabına olduğunu indidən demək çətindir. Son həftələrdə Cənubi Afrikada günə 200-dən çox yoluxma qeydə alınıb və yoluxanların sayı 2 465-ə çatıb. Bu da qeyd olunur ki, yeni variantda Alfa, Beta və Delta ştamlarının əlamətləri var, lakin onun daha ağır xəstəlik yaradıb-yaratmadığı hələ məlum deyil.
“The Independent” yazır ki, Afrikanın cənubunda yeni yoluxmaların 90 faizini “Omikron”un təşkil etdiyinə dair ehtimallar var, bu isə onun “Delta” variantından daha yoluxucu ola bilməsi deməkdir. Narahatlıq yaradan “Omikron”un təkcə sürətlə yayılması yox, həm də onun genetik quruluşudur. Alimlər virusun bu variantının “misilsiz” və “çox qeyri-adi” olduğunu deyirlər. Ştamm çox sayda mutasiyalara malikdir və bunların çoxu onu daha yoluxucu edən tac çıxıntılarındakı zülallardadır.
Müqayisə üçün bildirilir ki, indi dünyada tüğyan edən “Delta” variantının tac çıxıntısında 2 mutasiya varsa, yeni variantda onların sayı 30-dur. Alimlər nəzəri olaraq deyirlər ki, bu variant çox güman ilk dəfə immun sistemi işləməyən şəxsdə mutasiya edib. İmmun sistemi işləməyənlərdə virus orqanizmdən çıxmır və orada qalaraq yeni mutasiyalar edir. Mutasiyalarının çoxsaylı olması mövcud vaksinlərin bu varianta qarşı nə dərəcədə effektiv olacağından narahatlıq yaradır.
Lakin yaxşı xəbər budur ki, indi dünya alimləri koronavirusun yeni həmlələrinə daha hazırlıqlıdırlar. ABŞ-ın “Novavax” əczaçılıq şirkəti noyabrın 26-da artıq yeni varianta qarşı vaksinin hazırlanmasına başladığını bildirib. Əslində söhbət artıq mövcud vaksinin yeni varianta uyğun “redaktə” olunmasından gedir. Şirkət bildirib ki, vaksinin sınağına artıq bir neçə həftəyə başlanacaq.
“Novavax” şirkətinin COVID-19 vaksininə virusun, bu halda “Omikron”un tac çıxıntısı zülalının “diri” variantı daxil edilib. Belə vaksinlər insanda xəstəlik yaratmasa da, immun sistemini işə salır. Sınaqlarına hələ başlanmasa da İndoneziya və Filippin artıq ondan təcili istifadəyə icazə veriblər. Almaniyanın BioNTech, habelə Johnson & Johnson şirkətləri də bu ştamma qarşı vaksinin hazırlanmasına başladıqlarını bildiriblər. Onların vaksinlərinin 100 gün müddətində istehsal olunacağı gözlənilir.
Hələlik isə əksər Avropa ölkələri “Omikron”un ilk dəfə qeydə alındığı Afrika ölkələrinə aviareysləri dayandırırlar. Mütəxəssislər ehtimal edirlər ki, koronavirusun yeni ştammı beynəlxalq aviaəlaqələrə ciddi zərbə vuracaq və reyslərin 90 faizi ləğv ediləcək.
virtualaz.org
  •  (0)
  •  (0)