Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə 18-22 iyul tarixlərində Naftalan şəhərində baş tutacaq “Gənc Liderlər üçün Yay Universiteti”nə start verilib. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
“Yay Universiteti” üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 2437 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 100 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.
Proqrama əsasən 18 iyul səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb.
“Yay Universiteti”nin ilk günündə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı “Fəal vətəndaşlıq, ictimai diplomatiya və yumşaq güc” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda isə “Yay Universiteti”nin açılışı münasibəti ilə “Enerjini Paylaş” devizi altında “Welcome Party” baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular” MMC, “Az-Granata” kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.