Daha bir YAP-çı deputatın Mandatı ƏLİNDƏN ALINA BİLƏRbackend

Daha bir YAP-çı deputatın Mandatı ƏLİNDƏN ALINA BİLƏR

Milli Məclisin deputatı İltizam Yusifovun deputat olana qədər “Shirvan Operating Company ltd” şirkətinin vitse-prezidenti olub, hələ də biznes fəaliyyətini davam etdirməsi ilə bağlı məlumat vermişdik.

Məlumata görə, sözügedən məsələ ictimailəşdikdən sonra deputat tutduğu vəzifədən xaric edilib.

Mənbənin sözlərinə görə, artıq günlərdir İ. Yusifov işə getmir.

Mənbə həmçinin, deputatın bu məsələnin yayılmasından narahat olduğunu bildirib.

Sözügedən məsələni dəqiqləşdirmək üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşəkili idarəsinin rəis müavini İbrahim Əhmədov əlaqə saxladıq. O, sözügedən şirkətin SOCAR-a tabe olmadığını bildirib:

“Bu səbəbdən şirkətin qərarları ilə bağlı sorğularınızı onun özünə ünvanlamağınız daha məqsədəuyğun olar”.

46 saylı Şirvan seçki dairəsindən deputat olan İltizam Yusifovla da əlaqə yarada bilmədik. Belə ki, o, Milli Məclisin saytından köməkçisinin belə əlaqə nömrəsini sildirib.

Feysbuk üzərindən yazdığımız sualları da İltizam Yusifov görsə də cavab vermədi.

Görünür, YAP-çı deputat öz vəzifəsinin ağırlığını hələ də dərk etməyib, özünü millət vəkili yox, biznezmen hesab edir…

Qeyd edək ki, deputatın neft şirkətində olan vəzifəsi ilə bağlı hüquqşünas Əkrəm Həsənov deputatın mandatının ləğv edilməli olduğunu bildirmişdi:

“Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”.

Xartırladaq ki, sözügedən şirkətlərdən İ. Yusifov hər ay 18 min 600 manat maaş alırdı. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti “Shirvan Operating company LTD” və Kayman adalarının “Karasu Operating Company”nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var. Azadinfo.az

  •  (0)
  •  (1)