Sosial şəbəkələrdə Sumqayıtda yerləşən 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın səs yazısı yayılıb.
Səs yazısında direktor qadın müəllimlərə hədə-qorxu gələrək bildirir ki, heç kəs məktəbə şalvar geyinməsin. Əks halda onları şagirdlərin yanında təhqir edəcək.
Nazirlikdən Qafqazinfo.az-ın müraciətinə cavab olaraq bildirilib ki, səs yazısının Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aid olduğu təsdiqlənib:
“Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirib.
Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildiriblər. Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun vatsap qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olub.
Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib”.