COVID pasportu olmayan valideynlər məktəblərə buraxılmır – Nazirlikdən AÇIQLAMAbackend

COVID pasportu olmayan valideynlər məktəblərə buraxılmır – Nazirlikdən AÇIQLAMA

Ötən günlərdə Təhsil Nazirliyi tərəfindən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflərin əyani təhsilə başlayacağı bildirildi.

Əyani təhsilin başlanması ilə əlaqədar valideynləri, şagirdləri və müəllimləri bir sıra məsələlər maraqlandırır.

Sözügedən məsələlərin ən aktual, maraq doğuranı isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmamasıdır.

Bu mövzu ilə əlaqədar Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqi zamanı Təhsil naziri Emin Əmrullayev valideynlərdən COVID-19 pasportu tələb etmədiklərini bildirib:

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Amma düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır.”

Lakin sosial şəbəkələrdə yayılan bəzi məlumatlara görə, Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək və ya məktəblə əlaqəli hər hansı bir məsələni həll etmək istəyən, lakin COVID-19 pasportu olmayan valideynlər məktəb binasına buraxılmır. Buna səbəb olaraq Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi qeyd edilir.

Yayılan bu məlumatla əlaqədar Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Təhsil nazirliyi tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb: “Biz yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoymuşuq. Valideynlərin COVID-19 pasportunun olması ilə bağlı heç bir tələb yoxdur”.

  •  (0)
  •  (0)