Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.
Oxu.Az-ın məlumatına görə, o, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi (hazırkı Şabran) rayonunda üç il həkim işləyib. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib.
1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.
Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağlayıb.
O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapdı.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə işıq üzü gördü.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayevin məhz bu kadrları ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi, cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.
Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya və fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur – 30 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.