“Ali Məhkəmə artıq yeni iş üslubunda fəaliyyət göstərəcək”.
Bunu e-huquq.az-ın sualına cavabında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
Onun sözlərinə görə, yeni struktur hakimlərin fəaliyyətinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək: “Ali Məhkəmədə struktura uyğun olaraq yeni əməkdaşları işə dəvət etmişik. Artıq Mülki-Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllədə kasassiya icraatının yazılı qaydada keçirilməsi ilə bağlı Ali Məhkəmədə yeni şöbə yaradılıb. Burada çalışacaq hüquqşünaslar hakimlərə qərarların ilkin layihəsini təqdim edəcək. Bununla da hakimlər artıq məhz hakimlik vəzifəsi ilə məşğul olacaqlar və onların fəaliyyətinin səmərəliliyini qat-qat artıracaq”.
Xatırladaq ki, Ali Məhkəmədə Məhkəmə işlərinin idarə edilməsi şöbəsi adlı yeni şöbə də yaradılıb.
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi ilə Beynəlxalq əlaqələr şöbəsi birləşdirilərək, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqlər şöbəsi adlandırılıb.
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin adı dəyişdirilərək Məhkəmə təcrübəsinin təhlili adlandırılıb.
Qanunvericiliyin təhlili və sistemləşdirilməsi şöbəsinin adı dəyişdirilərək Hüquqi təminat şöbəsi olub.
İcra şöbəsinin adı dəyişdirilərək Məhkəmənin fəaliyyət qaydasının təmin edilməsi sektoru adlandırılıb.
Dövlət qulluğu və kadr məsələləri sektorunun adı dəyişdirilərək İnsan resursları olub.
















