Çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMAbackend

Çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA

Çimərliklərin kütləvi istifadəyə açılacağı gözlənilir. Burada koronavirusa yoluxma statistikasında son günlər müşahidə edilən azalmanın böyük əhəmiyyəti var. Eyni zamanda tibb mütəxəssisləri də yay mövsümündə insanların immun sisteminin gücləndirilməsində günəş şüası, dəniz havası, isti qumun əvəzedilməz olduğunu bildirir və qarşıdakı payız-qış aylarında əhalinin xəstəliklərə qarşı müqavimətinin artırılması məqsədilə çimərliklərdən istifadənin asanlaşdırılmasını təklif edirlər.

Məlumdur ki, hazırda çimərliyə gediş üçün 3 saatlıq SMS icazə sistemi işləyir. Lakin bu müddət ərzində insanların çimərliyə getməsi, istirahət edib geri qayıtması xeyli çətindir. Nəzərə alsaq ki, çimərliklərə ictimai nəqliyyat vasitələrinin hərəkəti qadağandır, yalnız şəxsi avtomobillərin hərəkətinə icazə verilir, vəziyyət bir qədər də çətinləşir, çünki hamının şəxsi avtomobili yoxdur. Görünür, Operativ Qərargah da yay mövsümünün sonuncu ayı – avqustdan vətəndaşların lazımi qədər faydalanmasını nəzərə alaraq çimərliklərdən sərbəst şəkildə istifadəyə qərar vermək niyyətindədir.

Hokm.Az bildirir ki, ölkənin baş infeksionisti Cəlal Musayev bu günlərdə musavat.com-a açıqlamasında çimərliklərin açılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin tədbirlər planı hazırlamağa cəhd etdiyini bildirib. C.Musayev koronavirusa yoluxma sayındakı azalmanın bu məsələnin həllini tezləşdirə biləcəyini deyib.

Tədbirlər Planı nədən ibarət ola bilər? AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin çimərliklərlə bağlı tədbirlər planının mövcud olduğunu dedi:

– Xatırlayırsınızsa, çimərlik mövsümü başlayanda BŞİH-nin başçısı Eldar Əzizov Operativ Qərargahın brifinqində iştirak etdi və çimərliklərlə bağlı bəzi qaydalar tətbiq edildiyini açıqladı.

SMS icazə ilə, şəxsi avtomobillərlə çimərliyə gediş də qaydalara daxil idi. O cümlədən onlayn qaydada əvvəlcədən sifariş vermək, çimərlik ərazisində sanitar-gigiyenik qaydalara, həmçinin karantin rejimi qaydalarına ciddi əməl edilməsi, yəni, sosial məsafənin gözlənilməsi, masalar arasında məsafə qoyulması, vətəndaşlar tərəfindən çimərlik ərazisinə qida məhsullarının gətirilməsinə qadağa və sair. Bu qaydalar karantin rejimindən irəli gələrək tətbiq edilir.

Əgər çimərliklər kütləvi ziyarətə açılacaqsa, əhali karantin rejimi qaydalarına daha ciddi əməl etməlidir. Karantin rejiminin qaldırılması və ya yumşaldılması o demək deyil ki, virus təhlükəsi bitir. Xeyr. Yumşalmalar başlayırsa, vətəndaşlar daha məsuliyyətli olmalıdır. Hər bir vətəndaş özünü qorumalıdır. O zaman virusdan da qorunmaq olar.

Mən bu gün paytaxta gəlmişdim (M.Zülfüqarlı Corat qəsəbəsində yaşayır – M.R.), çox təəssüf ki, yenə maskasız gəzənlər gördüm. Banka getmişəm, görürəm, bank işçisi maskasız işləyir, deyirəm, niyə maska taxmamısınız, hanı maskanız, deyir, “burdadı”. Baxıram ki, maskanı çıxarıb qoyub stolun üstünə. Polis əməkdaşları sağ olsunlar ki, vətəndaşlara qarşı nəzakətli davranırlar.

Anlatmağa, başa salmağa çalışırlar ki, qoruyucu maska taxılmalıdır. Qadağaların götürülməsi, karantin rejiminin yumşaldılması bizdən çox asılıdır. Çimərliklərə gəlincə, hesab edirəm ki, çimərliklərdən bizə təhlükə yoxdur. Çünki xalqımızın mentaliteti, adət-ənənəsi izin vermir ki, çimərlikdə insanlar sıx şəkildə yanaşı dayansın, bir-birinə yaxın məsafədə çimsin.

Ümumiyyətlə, Azərbaycanda, xüsusilə Bakı kəndlərində həmişə sosial məsafə qaydası olub. Bir ailə çimərliyə gedirsə, başqası onlara yaxınlaşmaz, yaxınlıqda uzanmaz. Hamı çalışır ki, biri-birindən aralı olsun. Bizə ən yaxın Novxanı çimərliyidi, mən həmişə bu qaydaları görmüşəm, bu qaydalara da hamımız əməl etmişik. Yəni, bizim çimərliklərdə sosial məsafə onsuz da dədə-babadan bu yana qorunur. Bakı camaatı dənizə səhər saatlarında getməyi sevir.

Mən də, adətən səhər saat 7-də dənizə gedirəm. Günorta saat 12-dən sonra dənizə getmək heç düzgün də deyil. Bir də axşamüstü dənizdə çimmək məsləhətdi. Bu il hələ ki, çimərliyə getməmişəm. Qadağalara riayət edirəm, istəmərəm ki, kimsə mənə irad tutsun. Gözləyirəm, nə vaxt çimərlikdən istifadəyə icazə veriləcək, o zaman gedəcəm.

Dənizkənarı qəsəbələrdə yaşayan əhali çimməyə heç meyilli də deyil. Hərdən soruşuram, qohum-əqrəbadan ki, dənizə niyə getmirsiz? Deyirlər, dəniz havası uduruq, bəsimizdi. Bakı camaatında əvvəldən belə qayda var.

Qadınlar dənizə girməz. Hərdən, kimsə çimmək istəsə də, paltarını soyunmaz. Qadın-qız olan tərəfə kişi xeylaqları gəlməz. Bunu nəzərə alsaq, hesab etmirəm ki, çimərlikdən bizə təhlükə olsun. Çünki çimərlikdə kütləvilik olmayacaq. Ona görə də çimərliklərin açılmasının qorxusu yoxdur.

  •  (2)
  •  (0)