Çimərliklər və insanların kütləvi toplaşdığı digər yerlər yenidən bağlana bilər – AÇIQLAMAbackend

Çimərliklər və insanların kütləvi toplaşdığı digər yerlər yenidən bağlana bilər – AÇIQLAMA

Son iki gün koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə ki, avqustun 12-də 93 nəfər koronavirusa yoluxub, 202-si isə sağalıb. Qeyd edək ki, avqustun 5-də çimərliklər açıldıqdan sonra insanların oraya kütləvi axını başlayıb. Yoluxmaların sayı artarsa, yenidən çimərliklər bağlana bilərmi?

Hokm.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Ramil Həsən bildirib ki, bu məsələdə hər şey insanlarımızdan asılıdır: “Dövlət strukturları vətəndaşını qorumağa çalışsa da, yoluxma artacağı təqdirdə karantin rejimi yenidən sərtləşəcək.

Bilirsiniz ki, bir neçə gün öncə çimərliklərin açılışını həyata keçirdik. Sonra da xirda mağazalar açıldı. Xırda mağazalara marketlərə nisbətən az insan gedir. Həmin mağazalarda çimərliklərdəki kimi sıxlıq yaranmır. Parklarda belə çimərliklərdəki problem yaranmadı. Amma insanların bir anda çimərliklərə hücum edib, limiti aşması, sosial məsafəni qorumaması, eləcə də sanitar-gigyenik qaydaları qorumaması ilk öncə özlərinin, daha sonra isə digər insanların həyatını təhlükəyə ataraq, ölkədə yenidən sərt karantin rejiminə keçməyə səbəb olurlar. Bu gün mayın 5-də etdiyimiz yumşalmada buraxdığımız səhvləri yenidən təkrarlayırıq. Niyə biz başa düşə bilmirik ki, buraxdığımız səhvlərə görə sərt karantin rejiminə keçdik. 3 ay sərt karantin rejimində yaşamalı olduq. Bəzi insanlar sosial məsuliyyət hissini dərk edən insanların haqlarına da girirlər. Başa düşülməlidir ki, 5-10 nəfərin məsuliyyətsiz yanaşmaqlarına görə yüz minlərlə vətəndaşlarımız əziyyət çəkir. Əgər biz deyiriksə, gələcəkdə restoranlar, kafelər açılsın. İnsanlar normal həyatlarına qayıtmaqlarına keçid etməsini istəyiriksə, o zaman birlikdə sosial məsuliyyətimizi dərk edək.

Deputat qeyd edib ki, dövlət çimərliyi açmayıb ki, insanlar ora kütləvi axışıb, yoluxmanın sayını yenidən artırsın: “Çimərliklər açıldı ki, heç olmasa vətəndaşlarımız günəşin şualarını və D vitamini qəbul edə bilsin. Amma vətəndaş başa düşməlidir ki, koronavirus pandemiyası davam etməkdədir. Hazırda bu xəstəlik ciddi problemlərə səbəb olur. Biz keçən ilki kimi vəziyyətlə yaşaya bilmərik. Dünya yeni sistemlə hərəkət etməkdədir. Biz Dağlıq Qarabağ məsələsindəki kimi həmrəy olmalıyıq. Çünki bu çox ciddi sosial fəlakətdir. Bizim görünən düşmənimiz erməni, görünməyən düşmənimiz isə koronavirusdur. Ona görə bütün insanlarımızdan xahiş edirəm ki, açılan bütün yerlərdə qaydalara uyğun hərəkət etsin. Əks təqdirdə həmin yerlər yenidən bağlana bilər. Bu iqtisadi, sosial və mənəvi cəhətdən bir zərbədir. Biz gələcəkdə rayonlara gediş-gəlişi bərpa edib, insanların istirahət hüququnu təmin etmək istəyiriksə, ilk öncə qoyulan qaydalara əməl etməliyik. Maska taxıb, sosial məsafəni qorumalı və sanitar gigyenik qaydalara uyğun hərəkət etməliyik”.

  •  (1)
  •  (0)