“Cəbhədə ermənilər, siyasətdə ruslar, ölkənin daxilində də səhiyyə işçiləri-TƏBİB Azərbaycana qənim kəsilib…”backend

“Cəbhədə ermənilər, siyasətdə ruslar, ölkənin daxilində də səhiyyə işçiləri-TƏBİB Azərbaycana qənim kəsilib…”

Azərbaycan xarici düşmənləri ilə mübarizədən qalib ayrılsa da, daxili səriştəsizlik təəssüflər olsun ki, xalqı taleyin hökmünə buraxır. Dünyanın ən böyük dərdi olan Covid-19 virusu qısa müddətdə yayılmağa davam edərkən bunun qarşısını almaqda hər bir ölkə daha faydalı olmağa çalışır. Lakin bu Azərbaycanda fərqlidir. Belə ki, dünya və tibb təcrübəsində koronavirusa yoluxmuş şəxslərin nəticəsi pozitiv olduqdan sonra son 2 gündə təmasda olduğu şəxslərin siyahısı alınır və həmin şəxslərdən test nəticəsi götürülür. Bu da yoluxmanın qarşısını almaqda effektiv mübarizə üsulu hesab edilir. Lakin Azərbaycanda bu təcrübə nəinki istifadə edilir, istəyəni belə test etmirlər. Correct.az informasiya portalının Baş redaktoru Rövşən Əsədov ötən günlərdə qarşılaşdığı səhiyyə səhlənkarlığını “Facebook” sosial şəbəkəsində paylaşıb.

Paylaşımı olduğu kimi sizlərə təqdim edirik:

HƏMKARLARIMIN, MEDİA QURUMLARININ DİQQƏTİNƏ!
Cəbhədə ermənilər, siyasətdə ruslar, ölkənin daxilində də səhiyyə işçiləri-TƏBİB bu Azərbaycana qənim kəsilib…
8 gün öncə Səfərbərlik Xidmətinin sifarişi ilə məndən Goranboy şəhərində koronavirus testi götürülüb. Nəticə barədə hələ də məlumat gəlməyib, dolayısı yolla nəticənin neqativ olduğunu öyrənmişəm. Ailə üzvüm isə 4 gün öncə COVİD-19 testi verib və nəticə positiv çıxıb.
Mən isə birbaşa ailə üzvümlə təmasdayam. Nə qədər yerli poliklinikadan, 814 çağrı mərkəzindən, 103 qaynar xəttindən xahiş edib, müraciət etsəm də məndən ikinci dəfə test götürülmür ki, xəstə olub-olmadığımı bilim.
Qaradağ rayonu Qobu Park yaşayış massivində yerləşən Şuşa Mərkəzi rayon Xəstəxanasının poliklinikasına 2 gündür yalvar-yaxar edirik heç kim gəlmir. Bir zülümlə, tapşırıqla ailə üzvümə dərman paketi alsam da, mənim yoluxub-yoluxmadığım yoxlanılmır. Poliklinika isə saat 14:00-a qədər fəaliyyət göstərdiyini əsas gətirərək günü-günə satır. Dediklərinə görə Laçın rayon Mərkəzi Xəstəxanasının 13 saylı Qobu Park Tibb Məntəqəsinə göndəriş veriblər, amma hələ də test götürülmür.
Azərbaycan ordusu Şuşa şəhərini ermənilərdən təmizlədi amma Oqtay Şirəliyev və cənabət Ramin Bayramlı işini bilməyən səhiyyə işçilərini sistemdən təmizləyə bilmədi ki, bilmədi. Bu səbəbdən də yoluxma sayı günü-gündən artmaqdadır. Və məndən nəticə götürülmədiyi üçün səhhətimdə yaranan problemlərə görə, TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Oqtay Şirəliyev məsuliyyət daşıyır. (Çünki xəstə olub-olmadığımı bilmirəm, hazırda isə 37.5 hərarətdən, öskürəkdən, dadbilmə və qoxubilmədən əziyyət çəkirəm)

103 çağrı mərkəzinə etdiyim müraciətdən sonra (15 saylı Təcili Tibbi Yardım Məntəqəsinin) evimizə gələn tibb işçiləri isə Hippokrata and içmədiyini əsas gətirərək məsuliyyəti Şuşa poliklinikasının üzərinə atdı və analiz götürməkdən imtina etdi.
Artıq heç bir quruma müraciət etməyəcəm, COVİD-19-dan ölsəm, ailə üzvlərimə bu xəstəlikdən nəsə olsa məsuliyyəti bu qurumların üzərindədir!
Qeyd: 814 qaynar xəttinə, 103-ə, 1542 Çağrı Mərkəzinə, 0125453569 Poliklinikaya çoxsaylı müraciətlərimi aidiyyəti qurumlar Azercell-dən çıxarda bilərlər.

Hokm.az

  •  (0)
  •  (0)