Hokm.az xəbər verir ki, bu gün “Yaşıl çay” FT MMC-nin rəhbəri, respublikamızın tanınmış fermer təsərrüfatı rəhbərlərindən biri Araz Mirzəkişi oğlu Yağubov AR Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı ilə təltif edilib. A.Yağubovun bu ali dövlət mükafatına gedən yolu çətinliklərdən qorxmayan inadkar əməyi, gərgin zəhməti, ən ümdəsi isə ölkə rəhbərliyinin aqrar sahədə yeritdiyi siyasətə böyük inamı ilə naxışlanıb. Qeyd edək ki, Araz Yağubov Lənkəranın dilbər güşələrindən biri, Azərbaycanda ilk çayçılıq təsərrüfatının yaradıldığı keçmiş Kirov, indiki İstisu qəsəbəsində anadan olub. Orta məktəbi btirdikdən sonra uzun müddət Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olub. Burada ali iqtisadi təhsil alıb. Lakin əsl vətənpərvər kimi doğma yurdu ilə əlaqəsini heç vaxt kəsməyib. Durğunluq illərində çayçılıq kimi gəlirli bir sahənin sıradan çıxarılması ona da təsirsiz keçməyib. Bu səbəbdən vətənə qayıdıb. Ölkədə yaradılan münbit şəraitdən bəhrələnərək 2006-cı ildə Azərbaycan çayının yenidən bərpa olunması və daha da inkişaf etdirilmisi məqsədilə “ Yaşıl çay” fermer təsərrüfatını yaradıb. İstər respublika, istərsə də yerli icra rəhbərliyinin diqqət və qayğısından bəhrələnən “Yaşıl çay” fermer təsərrüfatı ilk gündən çayçılıqla yanaşı, ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığı da inkişaf etdirməyə başlayıb. Bu məqsədlə heyvandarlıq fermasını yaradıb. İlkin olaraq 17 baş iribuynuzlu heyvanın saxlandığı fermada hazırda heyvanların sayı 300 başdan çoxdur.
.jpg)
2012-ci ildən indiyədək 70 hektara yaxın çay plantasiyası salınıb. Müəssisənin nəzdində mini emal sexi fəaliyyətə başlayıb. Burada “Lənkəran çay” brendi altında 16 növdə yüksək keyfiyyətli quru çay istehsal edilir. “Buket”, “Gül çay”, “Xan çayı”, “Narın çay”, “Feyxoa çayı” alıcılar və mütəxəssislər tərəfindən yüksək qiymət alıb. İlk dəfə müəssisədə istehsal edilmiş “Feyxa çayı” Moskva şəhərində elmi-tədqiqat laboratoriyasında tədqiq edilmiş və ən yüksək qiymətə layiq görülüb. “Ekstra”, “Premium”, “Tibet çay”, “Zəncəfil Qold” və digər ekoloji cəhətdən yüksək keyfiyyətli çayları dərin alıcı rəğbətini qazanıb. Artıq müəssisədə istehsal olunan çaylar respublikamızda təşkil edilən bir sıra sərgilərdə dəfələrlə nümayiş olunmuş və yüksək qiymətləndirilib. Hazırda Araz Yağubovun əsas məqsədlərindən biri ekoloji cəhətdən təmiz çay məhsullarının istehsalını artırmaq, onları xarici bazarlara çıxarmaqdır. Bu yöndə işlər ardıcıl olaraq davam etdirilir. Cari ildə İİR-nın Rəşt şəhərindən müasir yapon texnologiyasına uyğun çay emalı və qablaşdırıcı avadanlıqlar alınaraq iranlı mütəxəssislər tərəfindən istifadəyə verilib.
Ötən müddətdə Araz Yağubov başda olmaqla “Yaşıl çay” FT MMC-nin uğurları diqqətdən yayınmayıb. 2017-ci ildə Ölkə başçısı cənab İlham Əliyevin təsərrüfata gəlişi və fəaliyyəti ilə tanış olması Araz Yağubovun fəaliyyətinə verilən yüksək qiymət idi.

Təsərrüfat fəaliyyət sahəsini ilbəil genişləndirir. 2016-cı ildə təsərrüfatda Çindən alınmış 12000 ədəd tut çlingi əkildi. 2018-ci ildə müasir kümxana istifadəyə verildi. Bu müəssisədə ilk dəfə olaraq 700kq-a yaxın barama tədarük olundu. Daim yeniliyə can atan Araz Yağubov 2017-ci ildə ilkin olaraq 2 hektarda müasur yapon texnologiyası əsasında çay əkini keçirdi. Bu il də 3 hektarda yapon üsulu ilə çay əkini keçiriləcək. Növbəti illərdə ümumi çay sahələrinin həcmini 100-120 hektara çatdırmaq nəzərdə tutulur.

Araz Yağubov deyir: “Əsas məqsədimiz müasir dünya texnologiyalarından bəhrələnib “Tarladan bazara” sxemi əsasında işləyən çoxprofilli bir təsərrüfat ərsəyə gətirməkdir. Az iş görməmişik, lakin görəcəyimiz işlərimiz də hələ çoxdur. Bütün fəaliyyətimizi cənab Prezidentin tələb və göstərişlərinə cavab verməklə istehsalımızı ildən-ilə artırmağa çalışacağıq.”

Oktyabrın 30-da Cənab Prezidentin Sərəncamı ilə yüksək dövlət mükafatına layiq görülən Araz Yağubov bu ali dövlət mükafatına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Əlavə etdi ki, “bu mükafat cənab Prezident tərəfindən onun əməyinə verilən böyük dəyər, yüksək qiymətdir. Bu mükafat məni daha yaxşı işləməyə, cənab İlham Əliyevin prioritet elan etdiyi aqrar sahədə daha böyük qələbələr əldə etməyə ruhlandırır. Çalışacağam ki, kollektivimizlə bundan sonra da aqrar sahədə uğurlarımızı ildən-ilə artıraq, ölkə başçısının yeritdiyi siyasətə dəstək olaq. Cənab Prezident harada, biz də orada. Biz hər zaman cənab Prezidentin yanında olduq. Bundan sonra da həmişə onun yanındayıq! Bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə əməyimə verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm! Çox sağ olun, cənab Prezident!
Hokm.az
















