Cavid Qurbanov üzərində Vüsal Aslanov kabusu: dəmir əridilib necə pula çevrilir?backend

Cavid Qurbanov üzərində Vüsal Aslanov kabusu: dəmir əridilib necə pula çevrilir?

Qəbələ sakinləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vüsal Aslanovdan şikayətçidir.Bu barədə cumhuriyyet.az-a rayon sakinləri adından verilən məlumatda deyilir. Qeyd olunur ki, Qəbələ rayonu Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun qeyri-rəsmi kurasiyasından çıxarıldıqdan sonra rayonda yeni “qubernator” peyda olub. Məlumata görə, Yusif Aslanova meşə ərazisi sayılan hektar yarım torpağın sənədləşdirilməsi üçün Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xüsusi canfəşanlıq göstərir. İcra başçısının bu barədə müvafiq yerli idarələrə tapşırıq verdiyi də deyilir.
Vüsal Aslanov kimdir
Aslanov Vüsal Yusif oğlu 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin sentyabrında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan Vüsal Aslanov Cavid Qurbanovun ən çox etibar etdiyi şəxslərdəndir.
TOPAZ nəzarəti
Vüsal Aslanovun QSC sədri yanında etibarı hətta o qədər yüksəkdir ki, Cavid Qurbanov dəyəri yüz milyonlarla ölçülən biznesinin mühüm hissəsinin idarə olunmasını da ona həvalə edib. Vüsal Aslanovun birbaşa nəzarət etdiyi bu cür biznes layihələrindən biri də “TOPAZ”dır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə iki il öncə məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur”TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib. Bildirək ki, V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. Məlumata görə Cavid Qurbanovun müavini Vüsal Aslanov hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək işlərin hansı yerdə olmasını yoxlayır. Məlumatda qeyd edilir ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.
Dəmir kimi maxinasiya
“Azərbaycan Dəmir Yolları” QSC-də çox ciddi maliyyə maxinasiyaları ilə bağlı da məlumatlar var. Bununla bağlı cumhuriyyet.az yerli mediada yayılan məlumatlara əsasən bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də bir müddətdir ki, köhnə, istifadəyə yararsız vaqonlar doğranaraq, poladəritmə zavodlarına satılır. Ancaq tonu 130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər. Beləliklə də istifadəsi yararsız hesab olunan vaqonların satışından əldə olunan vəsaitin yarısı dövlətə, yarısı isə şəxsi ciblərə axır. Mənbə istifadəsi yararsız hesab olunaraq poladəritmə zavodlarına satılan vaqonların sayı ilə bağlı dəqiq məlumat verməsə də, söhbətin 100 minlərlə tondan getdiyini bildirir. Yəni, əməliyyatın miqyası kifayət qədər böyükdür. Mənbə bu əməliyyatdan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbərsiz olduğunu, bu işin başında Qurbanovun müavini Vüsal Aslanovun durduğunu iddia edir. “Onun başçılığı ilə külli miqdarda vəsait mənimsənilməkdədir. Digər müavinlərin bundan xəbəri olsa da, Vüsal Aslanova heç kim heç nə deyə bilmir. Ona görə ki, Vüsal Aslanov hər yerdə deyir ki, mən Cavid Qurbanovun oğlu Şəmşirlə dostam…”
Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirildikdən sonra burda bir sıra ciddi dəyişikliklər həyata keçirmişdi. Dəmiryolunun maddi-texniki bazasını yeniləməklə yanaşı QSC-dəki maliyyə maxinasiyalarına, korrupsiya hallarına son qoymaq istiqamətində də bəzi addımlar atmış, vəzifəli şəxsləri işdən kənarlaşdırmışdı. Hətta köhnə rəhbərliyi dəmiryolunun vəsaitlərini təyinatından yayındırmaqda, işçilərin sosial problemlərinin həlli üçün heç bir addım atmamaqda ittiham edərək, dəmiryolunun korrupsiyaya bulaşanlardan “təmizlənəcəyini” bəyan emişdi…
Xatırladaq ki, may ayının 6-da İlham Əliyev keçirdiyi onlayn müşavirədə “Azərbaycan Dəmir Yolları” QSC-ni səmərəsizlikdə ittiham etmişdi.
Qarşı tərəf məsələ ilə əlaqədar mövqe nümayiş etdirə bilər.
  •  (2)
  •  (1)