“Camaat, elə bil, çimərlik görməyib” – “Görüşüb, qucaqlaşmaq, öpüşmək olmamalıdır” – AÇIQLAMAbackend

“Camaat, elə bil, çimərlik görməyib” – “Görüşüb, qucaqlaşmaq, öpüşmək olmamalıdır” – AÇIQLAMA

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı infoqrafikada qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb. Yoluxma sayının kəskin azalması isə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Koronavirusun  ölkəmizdə yeni yarandığı zaman necə inamsızlıq hökm sürürdüsə, hazırda yoluxmanın bu qədər azalmasına da  inanmayanlar var. Hətta koronavirusla bağlı statistikada “pripiska” olduğu iddiaları da var. Cəmiyyəti narahat edən nədir, bu inamsızlıq hardan qaynaqlanır? İnsanların belə ziddiyyətli fikirləri hər hansı bir təhlükəyə yol aça bilərmi? Ağciyər xəstəlikləri uzmanı (pulmonoloq) Həsən Həsənzadə deyib ki, bu anlaşılmazlığın əsas qaynağı insanlarda maarifləndirmənin yetərli olmamasındadır: “İlk vaxtlardan xəstəliklə bağlı strategiyada müəyyən sərtliklərin olduğunu düşünürəm. Pandemiyanın əvvəlindən bəri heç bir şikayəti olmadığı halda, COVİD-19-un nəticəsi pozitiv çıxan kimi insanları xəstəxanaya apardılar. Amma bir müddətdən sonra xəstə sayı çoxaldıqda COVİD-19 nəticəsi müsbət olsa belə, adamları evdə saxladılar. Onsuz da öncədən maarifləndirmənin yetərsiz olmasına görə əhali inanmırdı, çünki heç bir şikayəti olmayan adam xəstəxanaya aparılırdı. Yaxud testi neqativ çıxırdı, amma COVID-19 diaqnozu qoyulurdu. Virus artdıqca COVID-19 nəticəsi müsbət olanların xəstəxanaya aparılmaması inamın daha da qırılmasına səbəb oldu.

Bununla bağlı ətraflı şəkildə insanları maarifləndirmək lazım idi ki, nəyə görə aparırdıq, indi nəyə görə aparmırıq. Test niyə neqativ çıxır və niyə COVID -19 kimi qəbul edilir. Burada da maarifləndirmənin yetərsiz olduğunu düşünürəm. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi bəyanatlar insanlarda inamsızlıq yaratdı. Əvvəl dedilər maska virusdan qoruyur, sonra dedilər qorumur. Bunu da açıqlamaq, insanlarımıza ətraflı izah etmək lazım idi ki, əvvəlcə niyə belə məlumat verdilər, sonra niyə belə yanaşma oldu. Yəni əsaslandırmaq lazım idi. Nəzərə almaq lazımdır ki, COVID-19 yeni bir xəstəlikdir, bu virus həkimlər üçün də yenidir. Gördükcə öyrənirik və insanlarımızı da sıra ilə hər bir yeniliklə bağlı məlumatlandırmalıyıq”.

Pulmonoloq onu da əlavə edib ki, xəstəliklə bağlı çox yanlış anlaşılmalar var: “Belə açıqlama oldu ki, gənc insanlar xəstəliyi daha yüngül keçirə bilir. Əlavə xəstəlikləri olmayanların – şəkəri, qan təzyiqi, böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkməyənlərin xəstəliyi yüngül keçirmək ehtimalı yüksəkdir. Amma bu mütləq göstərici deyil. ”Mütləq gənc insanlar çox rahat keçirəcək, heç bir problem yaranmayacaq” kimi fikirlər yanlışdır. Bundan dolayı insanlarda, xüsusən də gənclərimizdə bir arxayınlaşma baş verdi. Xəstəliyi ağır keçirənlər arasında xeyli gənclərimiz oldu. Nəzərə almaq lazımdır ki, insanlar arasında xəstəliyi ağır keçirənlər var, bu hələ də davam edir. Xəstəlik bitdikdən sonra isə bəzi insanlarda həyatı boyu təsirləri olacaq. Bəzilərində heç bir mənfi təsiri olmasa da, bəzilərində təngnəfəsliyi olacaq. Bununla bağlı ətraflı məlumat vermək lazımdır. Eləcə də, əlavə xəstəlikləri olan insanlar mütləq deyil ki, virusu ağır keçirsin və həyatını itirsin. Maarifləndirmə olmadığı üçün insanlar xəstəliyə panika şəklində yanaşdılar.

Bundan əlavə, ən çox manipulyasiya olunan mövzulardan biri əməkdar artist Bəhram Bağırzadə ilə bağlı oldu. Əvvəlcə bəyanat verildi ki, onun ağciyəri 90 faiz zədələnib. Nəzərə almaq lazımdır ki, ağciyərin 90 faiz zədələnməsi hələ onun sıradan çıxması demək deyil. Bu 90 faiz geriyə, normala qayıdacaq bir vəziyyət deməkdir. Sosial şəbəkələrdə yazdılar, “Bu, şou idi, 90 faiz ciyər sıradan çıxıbsa, necə geriyə qayıda bilər?!” Qayıda bilər, tamamilə normaldır”.

Azərbaycan Tibb Universitetinin infeksionisti İlham Bayramov isə deyilənlərlə razılaşmayıb: “Bizim xəstəxanada koronavirus xəstələrinin sayı azalıb. Amma digər xəstəxana, poliklinikalar haqqında məlumatım yoxdur. İnsanlar əvvəllər də deyirdilər ki, xəstəlik yoxdur. Amma gəlib xəstəxanada əziyyət çəkəndən sonra inandılar. İnsanların da ayrı-ayrı düşüncələri var. Bu virus 213 ölkədə yayılan bir pandemiyadır. Yalandan niyə danışılsın ki. Hazırda xəstələrin sayı azalıb”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə insanların bu kimi fikirlərinin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə insanlar müxtəlif intellektə, dünyagörüşə, psixoloji prototipə malik olduqlarına görə, fikirləri də müxtəlifdir: “Bizdə biri falçıya, digəri qonşuya inanır. Bu cür məsələlər əhalinin əhval-ruhiyyəsi ilə həll olunmamalıdır. Karantinin öz qaydaları var və əməl olunmalıdır. Bəli, insanlar uzun müddət evdə qala bilməz. Bu, onların psixikasına da mənfi təsir edir, immun sisteminə də təsir edir, depressiyaya salır. Amma insanların kənarda, açıq havada, qapalı məkanlarda davranışları ilə bağlı təlimatlar olmalıdır. Yaxın kommunikasiya olmamalıdır, sosial məsafə gözlənilməlidir. Görüşüb, qucaqlaşmaq, öpüşmək olmamalıdır. Qapalı məkanlarda mütləq sosial məsafə gözlənilməlidir, mütləq maska geyinmək, əlləri dezinfeksiya etmək lazımdır.

Baxın, çimərliklər açılıb, amma heç də orda vəziyyət ürəkaçan deyil. Camaat elə bil çimərlik görməyib. Əslində bunlar hamısı karantin qaydalarının pozulmasıdır. Bu isə olduqca təhlükəlidir. Ona görə də narahat olmaqdansa,  daha çox öz davranışlarımıza nəzarət etsək, daha məqsədəuyğun olar”.

Deputat Fazil Mustafa insanların inamsızlığının əsassız olduğunu deyib: “Kimin marağı ola bilər ki, bu məsələdə saxtakarlıq edilsin. Hökumət, əksinə, maraqlıdır ki, vətəndaş bu yumşalmadan sonra arxayınlaşmasın. Statistika aşağı düşdükcə insanlar sanki heç bir təhlükə yoxdur kimi rəftar edir, daha çox arxayınlaşmağa başlayır. Qaydalara daha az əməl etməyə çalışırlar. Belə bir vəziyyətdə bunu göstərməyin bir adı yoxdur. Amma indi görünür, havanın istiləşməsi yoluxma sayına təsir edib. İkinci də, kənardan həkimlərin gətirilməsi, yeni xəstəxanaların açılması da müsbət nəticənin yaranmasına səbəb olub. Statistikanı artırmaq, azaltmaq kimin nəyinə lazımdır. İnandırıcı görünmür. Hər bir məsələyə müəyyən dərəcədə şübhə ilə yanaşan insanlar həmişə olur. Amma ümumi tendensiya budur ki, həqiqətən azalma var. Elə etməliyik ki, artan miqyasda getməsin. Amma son iki gündə çimərliklərdə müşahidə etdiklərim heç də ürəkaçan olmadı. Çimərliyi həm də yemək yerinə çevirmək, xüsusi bir ritualları orda gerçəkləşdirmək doğru deyil. Bu gün dənizdə şüşə qırıqlarının, yemək qalıqlarının yerə atıldığını gördüm. Bu qədər təbliğatdan sonra yenə də dəyişmirik. Necəyiksə, o cür də pandemiyadan əziyyət çəkəcəyik”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Yeni Müsavat”a bildirib ki, koronavirusla bağlı ümumi statistika Operativ Qərargah tərəfindən rəsmi olaraq verilir: “Bu məsələyə bizim münasibət bildirməyimiz doğru olmaz”.

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, NK rəsmi qurum olaraq düzgün statistikanı təqdim edir: “Bununla bağlı əlavə şərh etmək bizim səlahiyyətimizdə deyil”.

  •  (0)
  •  (0)