Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Hokm.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, icbari tibbi sığorta haqqı ödəməyən şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.
Məlumat üçün bildirək ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.
Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda, vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.
Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır.
Sizə lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu aşağıdakı elektron axtarış sistemi vasitəsi ilə müəyyənləşdirə bilərsiniz.