Bu klinikanın direktoru istefa verdi – Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir? – VİDEObackend

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir? - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli artıq Surxay Musayevin istefasını qəbul edib.

Əldə etdiyimiz digər məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir. Hazırda həkim kimi klinikada fəaliyyətini davam etdirən professor və ATU rəhbərliyi tibb işçilərinin əmək haqlarının ödənilməsi üçün çıxış yolu axtarırlar.

Səhiyyə sistemində aparılan islahatlar görünür Azərbaycan Tibb Universitetinə və onun nəzdindəki təşkilatlara hələ də çatmayıb. Dövlət vəsaiti hesabına tikilərək 2010-cu ildə istifadəyə verilən, ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar və məsləhət-diaqnostika şöbələrinə malik klinikada hər gün 400 xəstənin stasionar, 300-350 nəfərin isə ambulator qaydada müalicəsi nəzərdə tutulub. Buna baxmayaraq, hələ də dövlətin vəsaiti hesabına qorunub-saxlanılan kilinika müəmmalı səbəblərdən xəstə tapa bilmir. Nəticədə aylardır tibb işçilərinin əmək haqlarının verilməsində problemlər yaşanır.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasının işçiləri maaşlarının verilməməsindən şikayət edib. ATU-nun bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. “Maaş almağımız üçün xəstəyə ehtiyacımız var”, deyə tibb işçisi bildirib.

Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova oxu.az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub: “Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar”.
Ətraflı

O bildirib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək: “Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

Onu da qeyd edək ki, ATU-da edilən təyinatlar da bir neçə aydır söz-söhbətlərə səbəb olur. Belə ki, cəmi 4 ay əvvəl Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil ATU-nun Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. “Sözcü” qəzetində isə Mücahit Avcilin baş həkim olduğu bir ildə əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq çoxaldığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanıb.

Adı müxtəlif qalmaqallarda hallanan Mücahit Avcilin Tədris Cərrahiyyə Klinikasına direktor təyin edilməsi də müəyyən şübhələr doğurur.

Xatırladaq ki, 25 fevral 2023-cü ildə “ATU-nun prorektorunun iki oğlu da yanında işləyir – Qanun buna icazə verirmi?” başlığı ilə yazı da dərc etmişdik. Belə ki, ATU tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da – Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.

Əldə etdiyimiz digər məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli başda olmaqla ATU rəhbərliyində təmsil olunan digər şəxslərin də yaxınları müxtəlif vəzifələrdə çalışırlar.

  •  (3)
  •  (0)