“Brüsseldə Paşinyana başa salıblar ki…” – Ermənistan sülh sazişinə tələsir, səbəb…backend

“Brüsseldə Paşinyana başa salıblar ki…” – Ermənistan sülh sazişinə tələsir, səbəb…

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa zamanda imzalanmalıdır. Paşinyan aprelin 30-na qədər delimitasiya üçün Birgə Sərhəd Komissiyasının üzvlərinin təyin edilməli olduğunu da qeyd edib.

Əvvəllər də Paşinyanın sülh müqaviləsinin imzalanmalı olduğuna dair bir neçə açıqlamalarına şahid olmuşuq. Yəqin ki, Brüsseldəki görüşdən sonra belə bir bəyanatın verilməsi baş nazirin mövcud reallıqları dərk etdiyindən xəbər verir.

Maraqlıdır, Paşinyan bu dəfə səmimidir, yoxsa hər zamankı kimi blef edir?

Baş nazir reallığı dərk edir…

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gundem.az-a açıqlamasında bildirib ki, Brüsseldə Paşinyana Azərbaycanla sülh müqaviləsi imzalamadan Ermənistanın gələcəyinin olmadığını başa salıblar.

Analitik Paşinyanın bu reallığı anladığını qeyd edib:

“Ona görə də sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayır. Amma Qarabağla bağlı təxribat xarakterli fikirlər də səsləndirir. Yəqin buna səbəb Ermənistandakı radikal müxalifətdən çəkinməsidir. Paşinyan Qarabağın statusunun müəyyənləşməsinə dair fikirlər də bildirir. Bu isə mümkün deyil. Biz onlara dəfələrlə izah etmişik ki, İkinci Qarabağ müharibəsində statusla bağlı məsələ bitib. Sülh sazişi imzalanacaqsa, Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdırlar. Ona görə də bu problemə baxışdakı ziddiyət hələ qalmaqdadır”.

Paşinyanın himayədarları Azərbaycan və Türkiyə ilə savaşmayacaq…

Politoloq Əhəd Məmmədlinin sözlərinə görə, düşməndən səmimiyyət gözləmək olmaz. Amma Ermənistan artıq dalana dirənib:

“Paşinyan son çıxışında reallığı və faktları danışıb. Xüsusilə, Brüssel səfərindən sonra Paşinyana Qərbdəki himayədarları bildirdilər ki, onlar “Artsax”a görə nə Azərbaycan, nə də Türkiyə ilə savaşacaqlar. Bu baxımdan Ermənistan ağlını başına yığmalı, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, diplomatik münasibətlər qurmalıdır. Rəsmi İrəvanın tək çıxış yolu budur. Paşinyan bu reallıqları dərk etdiyi üçün də belə açıqlama verib. Yəni öz xoşluğu ilə yox, fakt qarşısında qalaraq belə çıxışlar edir. Artıq Qərb və Avropanın Azərbaycanın ərazi bütövlüyünü dərk etməsi bizim üçün sevindiricidir. Çünki Azərbaycan müharibədə qalib gəlib. Paşinyan da bütün bunlara söykənərək belə açıqlama verdi”.

  •  (0)
  •  (0)