“Ukrayna müdafiəni saxlasa da, Rusiya üç istiqamətdən Severodonetskə hücum cəhdlərini davam etdirir. Çətin ki, hər iki tərəf son 24 saat ərzində əhəmiyyətli mövqe qazana bilsin”.
“Report”un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya hücumunu Donbas mərkəzi hissəsində cəmləsə də, cinahlarında müdafiəni saxlayır.
Ukrayna qüvvələri son vaxtlar Xerson vilayətinin cənub-qərbində əks-hücuma keçməklə, o cümlədən İnqulets çayının şərq sahilində mövqelərini bərpa etməklə müəyyən uğurlar əldə ediblər.
İşğal olunmuş Xerson vilayətində Rusiya rublu qanuni ödəniş vasitəsi kimi tətbiq etməklə və məktəblərə rus dərs proqramını və dilini tətbiq etmək üçün rus müəllimləri işə götürməklə öz idarəçiliyini Rusiya Federasiyasının idarəçiliyi ilə zorla uyğunlaşdırır”, – məlumatda qeyd olunub.