Bölmədə həyat yoldaşını güllələyən polisi neçə il həbs gözləyir? – Vəkildən AÇIQLAMAbackend

Bölmədə həyat yoldaşını güllələyən polisi neçə il həbs gözləyir? – Vəkildən AÇIQLAMA

“Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə – 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bunu sfera.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bu gün Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı silahdan atəş açaraq qətlə yetirməsindən danışarkən deyib.
Müsahibimiz həmçinin qeyd edib ki, həmin məcəllənin 120.2.4. maddəsinə əsasən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə – 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki, zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov əməli törətməkdə təqsirli bilinərsə, onun barəsində yuxarıda qeyd olunan cəzalardan biri təyin edilə bilər”.

 

Vəkil həmçinin bildirib ki,  cinayətin polis əməkdaşı tərəfindən və xidməti vəzifəsini icra etmək üçün ona verilmiş odlu silahdan istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır.
  •  (0)
  •  (1)