BNA səhv yoldadı:”Manatlıq taksilərin ləğvi yanlışdır” – 140 min insan çörəksiz…backend

BNA səhv yoldadı:”Manatlıq taksilərin ləğvi yanlışdır” – 140 min insan çörəksiz…

“Mənim övladlarım da 1 manatlıq taksidən istifadə edirlər”
“Kimsə Masazır, Günəşli, 20 yanvardan konfortlu xidmətlə 1 manata gəlirsə, deməli, bu xidmət onu qane edir”
“140 min vətəndaşı dövlətdən narazı salmaq olmaz”
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, paytaxtımızda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir. Onun sözlərinə görə, tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir. V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq işlər aparılacaq: “Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”.
Hazırda 1 manatlıq taksi xidmətlərindən kifayət qədər geniş istifadə olunur. Etiraf edək ki, BNA bu sahədə müvafiq tədbirlər görəcəyi halda vətəndaşların böyük əksəriyyətinin narazılığına da toxum səpiləcək. Digər məqam isə həm sürücülərin, həm də sərnişinlərin 1 manatlıq xidmətdən məmnunluğudur.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a bildirib ki, manatlıq taksi fəaliyyətinin ləğvi yanlış addımdır:
“Vüsal müəllimin niyyəti Bakı şəhərində yaranan tıxacları aradan qaldırmaqdır, yoxsa BNA tərəfindən lisenziyalaşdırılan taksilərin fəaliyyətini stimullaşdırmaq? 35 min nəfər 1 manatlıq taksi xidmətini həyata keçirirsə, bu, o deməkdir ki, 35 min sürücünün hər birinin ailə üzvü minimum 4 nəfərdirsə, ortada təxminən 140 min vətəndaşın maddi təminat məsələsi var. Xidməti yerinə yetirən taksi sürücüsü lazım olan nişanı alırsa və aylıq dövlət vergisini ödəyirsə, tıxacı bəhanə etmək lazım deyil. Məntiqlə yanaşsaq, bu gün pandemiya dövründə universitet və orta məktəblər bağlanıb. Hər il sentyabr başlayanda tıxaclar çox olurdu, lakin son 2 ildə tıxaclar əvvəlki qədər yoxdur. Yəni 1 manata sərnişin daşımaqla dolanan insanların maddi təminatını qapatmaq üçün tıxac məsələsi gündəmə gətirməli deyil. Çünki tıxaclar qlobal problemdir. Burada şəhərsalma çox ciddi rol oynayır. Tıxacların yaranmasının günahını 35-40 min taksi sürücülərinin boynuna qoymaq olmaz”.
Ekspertin sözlərinə görə, əsas odur ki, vətəndaşlar bu xidmətdən razıdır:
“Mənim övladlarım da 1 manatlıq taksidən istifadə edirlər. Kimsə, Masazırdan, Günəşlidən, 20 yanvardan konfortlu xidmətlə 1 manata gəlirsə, deməli bu xidmət onu tamamilə qane edir, nəninki 10 manat vermək. Sürücü xidmət göstərir, çörək pulu qazanır və ailəsinin maddi durumunu təmin edir. Onlara qarşı sərt qaydalar tətbiq etsələr, 140 min Azərbaycan vətəndaşının dövlətdən narazılığına və sosial haqsızlığa şərait yaratmış olarlar. 1 manatlıq taksilərin fəaliyyətini dayandırmaq istəyirlərsə, həmin sürücüləri işlə təmin etsinlər. Bu gün kifayət qədər aztəminatlı ailələr var ki, bu xidmətdən yararlanır. Ona görə də BNA daha mütərəqqi problemləri həll etsin. Məsələn, Bakı şəhərinin daxilində çoxlu parkinqlərin tikilməsinə nail olsun”.
  •  (0)
  •  (2)