Biznes-ledi tələbə adını qazanan gəncləri təltif etdi – FOTOLARbackend

Biznes-ledi tələbə adını qazanan gəncləri təltif etdi - FOTOLAR

“Cığır mənəvi dəyərlərin inkişafına dəstək” İctimai Birliyi “JW Marriott Absheron” otelində birliyin himayəsində olan və tələbə adını qazanan gəncləRin təltifetmə mərasimini keçirib. Tədbirin moderatoru, İctimai Birliyin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetinin müəllimi Günel Ələkbərova bildirib ki, təmsil olunduğu qurum ataları dünyasını dəyişmiş yetim uşaqlara və onların analarına, tənha və dul qadınlara dəstək məqsədilə yaradılıb. Moderator qeyd edib ki, birlik müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.

“Cığır mənəvi dəyərlərin inkişafına dəstək” İctimai Birliyinin sədri Yeganə Mirzəyeva rəhbəri olduğu təşkilatın fəaliyyətindən bəhs edərək söyləyib ki, 2015-ci ildə təsis olunan birliyin əsas məqsədi insanlıq naminə könüllüləri bir araya toplamaqdır. O vurğulayıb ki, tibbi təhsili olan könüllülər yetim balalarımızın sağlamlığı, təhsil sahəsində fəaliyyət göstərən müəllim və tərbiyəçilər isə onların təhsilinə görə məsuliyyət daşıyır. Evdar qadınlar isə hazırladıqları təamlarla onların qayğısına qalırlar. Sədrin sözlərinə görə, bu il də birliyin himayəsində olan gənclərdən tələbə adını qazananlar olub: “Onlar bizim gələcəyimizdir. Biz onlarla fəxr edirik”.

İB sədri “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramovanın onların fəaliyyətinə dəstək verdiyini, bu tədbirdə biznes-ledi tərəfindən tələbə adını qazanan gənclərə mükafatlar təqdim ediləcəyini deyib. Öz növbəsində iştirakçıları salamlayan Gülpəri Bayramova sosial sahibkarlığın əhəmiyyətindən danışıb və “Cığır mənəvi dəyərlərin inkişafına dəstək” İctimai Birliyinin bu istiqamətdə ortaya layiqli örnək qoyduğunu diqqətə çatdırıb. “Biz hər zaman gənclərə, xüsusilə də valideyn himayəsindən məhrum olmuş gənclərə diqqət göstərmişik və bu belə də olacaq” deyən şirkət rəhbəri bu gənclərin gələcəkdə peşəkar və istedadlı kadrlar kimi yetişəcəyinə ümidvar olduğunu söyləyib.

Birliyin himayəsində olan Gülçin və Leyla Abdullayeva bacıları, Samirə Məmmədova və Xanım Ramazanova da öz həyat hekayələrini nəql ediblər. Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TUİB) sədrinin müşaviri Raqif Sari, gənc iş adamı Rəşid Ceyhunov tələblələri təbrik edib, ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra tələbə adını qazanan gənclərə “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova tərəfindən mükafatlar təqdim edilib. Onlarla xatirə fotosu çəkilib.

  •  (5)
  •  (0)