“Biz birlikdə güclüyük! Bu çağırışı unutmayın” – Elmira Süleymanovadan müraciətbackend

“Biz birlikdə güclüyük! Bu çağırışı unutmayın” – Elmira Süleymanovadan müraciət

Keçmiş ombudsman Elmira Süleymanova Azərbaycan xalqına müraciət edib.

Hokm.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz soydaşlarım! Azərbaycan Respublikası Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun, mərd oğullarımızın qüdrəti və qüvvəsi ilə, 30 ildir ki, zəbt olunmuş torpaqlarımızın azad olunması uğrunda ordumuzun böyük üstünlüyü ilə ağır döyüşlər gedir. Əldə edilmiş uğurlar xalqımızın, ordumuzun Ali Baş Komandanla birliyi və həmrəyliyinin nəticəsidir.

Azərbaycan vətəndaşı olaraq, ölkə Prezidentinə, Ordumuza dəstək vermək hər birimizin borcudur.

Bu günlərdə ölkəmizdə koronavirus pandemiyası, dalğavari dəyişən gündəlik yoluxmaların sayının artması diqqəti cəlb edir və narahatlıq doğurur.

Həm ordumuzun yoluxma təhlükəsindən qorunması, həm də həkimlərin, tibb işçilərinin və müəssisələrinin imkanlarından artıq yüklənməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir.

Dünyanın əksər ölkələrində bu virusa yoluxmanın qarşısının alınması üçün tibbi maskanı öz qaydasında taxmaq, sanitariya-gigiyenik normalara riayət etmək, insanların sıx olduğu yerlərdə məsafə saxlamaq səmərəli tədbirlər kimi qəbul olunmuşdur.

Eyni zamanda ehtiyac olmadığı hallarda ictimai yerlərdən çəkinmək də tövsiyə olunmuşdur.

Odur ki, bir ağbirçək kimi, mən hər birinizin cinsindən, yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq, vaxtı-vaxtında, nizam-intizamla, müntəzəm olaraq bu sadə, lakin vacib qaydalara birlikdə, məsuliyyətlə, həmrəy olaraq təxirə salınmadan riayət etməyə çağırıram ki, gündəlik yoluxmaların sayını kəskin sürətlə azaltmasına nail olaq.

Bununla hər birimiz ordumuza dəstək olarıq, vətənimizə sədaqətimizi bir daha təsdiq edərik.

“Biz birlikdə güclüyük”! Bu çağırışı unutmayın”.

  •  (0)
  •  (0)