“Birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir” – Baydenlə Putin Azərbaycana gəlir?backend

“Birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir” – Baydenlə Putin Azərbaycana gəlir?

Xəbər verdiyimiz kimi, son zamanlar gərginləşən münasibətlər fonunda ABŞ Prezidenti Con Bayden rusiyalı həmkarı Vladimir Putinə müraciət edib. O, üçüncü bir ölkədə birgə sammit keçirmək təklifini irəli sürüb.
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Bakının Baydenlə Putin danışıqları üçün çox əlverişli məkan ola biləcəyini dedi:
“Azərbaycan bir neçə dəfə Qərblə Rusiya arasında danışıqlarda vasitəçi rolunda çıxış edib. NATO ilə Rusiyanın yüksək rütbəli generalları arasında son zamanlar baş tutan görüşlər məhz Bakıda reallaşıb. Bu baxımdan Baydenin Putinə üçüncü ölkədə sammit təşkil etmək təklifi razılaşdırıldığı halda, ən münbit ölkə rolunda bu dəfə də məhz Azərbaycan çıxış edə bilər. Niyə də olmasın? bu prosesdə Bakıdan daha layiqli namizəd yoxdur. Çünki Bakı neytral mövqe tutur. Həm Rusiyaya, həm də ABŞ-a münasibətdə məsafə saxlayır. Ona görə də təklif Putin tərəfindən qəbul olunsa, birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir”.
Lakin həmsöhbətimiz Rusiya prezidentinin Baydenin təklifinə müsbət cavab verəcəyini zənn etmir: 
“Bu sammitin baş tutması real görünmür. Çünki Rusiyada Baydenin dediklərinə ciddi münasibət bəsləmirlər. Sabiq Prezident Donald Trampla bağlı deyirdik ki, o xarici siyasətdə qeyri-adekvat addımlar atır.  Lakin Baydenin Putini qatil adlandırması onu göstərdi ki, qeyri-adekvatlıqda o, Trampdan da irəlidədir.  Ona görə də həmin təklifin Kreml tərəfindən qəbul olunacağı sual altındadır. Başqa bir tərəfdən, ABŞ-la Rusiya arasında gərginlik həddən çox dərin qatlara hopub.  Xüsusən də, Ukrayna məsələsində. Ona görə də  görüş olsa belə, problemləri bir görüşlə həll etmək mümkün deyil”.
Politoloqa görə, Baydenin bu təklifi verməkdə məqsədi Putinin nəbzini yoxlamaq olub:
“Görünür, o Putinlə münasibətləri yumşaltmaq istəyir.  Əsas məqsəd isə nüfuz qazanmağa hesablanıb”.
  •  (0)
  •  (1)