Bayramlı getdi: Daha hansı məmurlar istefa verəcək? – ARAŞDIRMAbackend

Bayramlı getdi: Daha hansı məmurlar istefa verəcək? – ARAŞDIRMA

Sərdar Cəlaloğlu: “Ramin Bayramlı özü istefa verməyib, sadəcə dedilər ki, get bu formada bəyanat ver”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin imzaladığı sərəncamla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad edildi. Bundan bir gün öncə Bayramlı öz sosial hesabında istefa verdiyinə dair paylaşım etmişdi: “Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm” –  sitatın sonu.

Əksər ekspertlər hesab edir ki, R.Bayramlı istefa qərarını açıqlasa da, könüllü şəkildə vəzifəsindən getməyib. Çünki uzun müddətdir onun neqativ fəaliyyəti ilə bağlı cəmiyyətdə mənfi fikirlər mövcud idi. Koronavirus infeksiyasının sürətlə yayıldığı bir şəraitdə rəhbəri olduğu qurum faktiki olaraq köməksiz vəziyyətdə olan əhalini Allahın ümidinə buraxmışdı. Xəstələrin müraciətləri qulaqardına vurulur, təcili tibbi yardım göndərilmir, günlərə, bəzən həftələrlə koronavirus testləri götürülmür, hətta testin cavabları səhv ünvanlara göndərilirdi. Ölkədə faktiki olaraq səhiyyə böhranının baş verdiyi günlərdə isə R.Bayramlı gözə dəymirdi. Onun adı inşa etdirdiyi dəbdəbəli villası ilə yanaşı çəkilirdi.

Hokm.az olaraq R.Bayramlının vəzifədən azad ediləcəyini də anons etmişdik. (https://hokm.az/tebib-in-de-sonu-geldi-paytaxta-nezaret-bu-qurumdan-alindi-ozel/)
Bununla bağlı hazırladığımız yazıda özəl olaraq bildirdi ki ki, koronavirus infeksiyasının daha çox yayıldığı mərkəz Bakıda və ona bitişik Abşeron və Sumqayıtda prosesə ümumi nəzarət TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinə verilib
. TƏBİB isə yalnız regionlarda bu məsələlərə məsul olacaq. Qurumdan isə bunu təkzib etdilər, lakin necə? Dedilər ki, koronavirus infeksiyası ilə bağlı məsələlər paytaxt və yanaşı ərazilərdə TƏBİB-in səlahiyyətində deyil. Maraqlı mənzərəydi: Xəstəxanalar TƏBİB-dədir, amma onları aparacaq təcili yardım Səhiyyə Nazirliyinə verilib. Baş verənlər ölkə rəhbərliyi səviyyəsində TƏBİB-ə olan etimadın itməsinin göstəricisiydi. Və heç şübhəsiz sonunda Ramin Bayramlının yola salınacağı gözlənilirdi və bu baş verdi…

Bu gün Bayramlı bəyan edir ki, o özü isteva verib. Bu isə öz növbəsində qeyd etdiyimiz kimi, inandırıcı sayıla bilməz. O zaman TƏBİB yarananda cəmiyyətin bu qurumdan gözləntiləri böyük idi. Çünki ortada Səhiyyə Nazirliyinin acı təcrübəsi var idi. Bu nazirliyin ictimai hesabatlılığı yox dərəcəsində idi. Sistem çürük olduğuna görə, atılan addımlar, həyata keçirilən dəyişikliklər də nəticə vermirdi. Digər yandan TƏBİB icbari tibbi sığortaya keçidi təmin etməli idi? Baxmayaraq ki, əksər yerlərdə bu sistemə keçidin təmin olunduğu deyilib, lakin bu hələ də baş verməyib. Ramin Bayramlı ona qədər bu sahədə mühüm vəzifələr daşıyıb. Yəni, məntiqlə onun idarəçiliyi müsbət təmayüllü olmalı idi. Lakin göründüyü kimi, bunlar baş vermədi. Qurum biabırçı fəaliyyət göstərdi və günün birində bütün bunların məsuliyyətini öz üzərinə götürmüş Bayramlı da yola salındı.

Xatırladaq ki, Azərbaycanda məmurların istefa verməsi ənənəsi çox olub. Yeni Azərbaycan Partiyası iqtidarı dövründə də belə hallar baş verib. Lakin onlar Bayramlı kimi formal yox, doğrudan da öz istəyi ilə vəzifəsindən azad ediliblər. Keçmiş İqtisadiyyat naziri Namiq Nəsurullayev, sabiq dövlət katibi Lalə Şövkət Hacıyeva, keçmiş Mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı, Milli Məclisin sabiq sədri Rəsul Quliyev, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov, Prezidentin sabiq köməkçisi Eldar Namazov, Keçmiş dövlət müşaviri, mərhum Vəfa Quluzadə, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov və s.

Lakin nə qədər qəribə olsa da, cəmiyyətin sürəkli narazılıq etdiyi məmurlar siyahısında təkcə Ramin Bayramlı yer almır. Bu siyahıda hələ çox məmurlar var. Lakin onlar istefa vermirlər. Halbuki, beynəlxalq təcrübədə dəfələrlə yüksək ranqlı məmurların, baş nazirin və nazirlərin istefa verməsi adi hala çevrilib. Bəs görəsən bizdə niyə istefa ənənəsi formalaşmayıb? Nəyə görə yalnız istefa imitasiyası mövcuddur? Ramin Bayramlı, Gülər Əhmədova, Rauf Həbibov və digər psevdo-istefalardan o yana keçə bilmirik?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Hokm.az-a bildirib ki, Ramin Bayramlının özünün istefaya getməsi xəbəri həqiqətdən uzaqdır: “Sadəcə etimadı doğrulda bilmədi. Ölkədə faktiki olaraq səhiyyə böhranı hökm sürdü və bu gün də davam edir. Bu adamın adı isə villa tikməkdə çəkilirdi. Qabaqlar Operativ Qərargahın brifinqlərinə çıxırdı, onu da tərgitdi. O, öz xoşuyla istefa verə bilməzdi. Buna cəsarəti çatmazdı. Sadəcə dedilər ki, get istefa ver. O da istefa verdi. Hətta onun istefasının formatı da əvvəlcədən razılaşdırılmışdı” – ADP sədri vurğulayır.

Onun sözlərinə görə, yerində olmayan məmurlar Ramin Bayramlı kimi “gözü çıxmış qardaşlarından” ibarət götürməlidirlər: “Bəzən məmurlar düşünür ki, ictimai rəy boş şeydir. Bununla hesablaşmırlar. Fikirləşirlər ki, əsas məsələ yuxarı instansiyaların dəstəyidir. Sonradan görürlər ki, bu dəstək onları qorumaqda acizdir. Vəzifə xalqa xidmət vasitəsidir, öz şəxsi mənfəətini artırmaq vasitəsi yox. Bayramlı istefasında yazır ki, bundan sonra da xalqa xidmət edəcək. Bəs niyə indiyə qədər etmirdin? Mənasız şou idi bu, istefa deyildi” – partiya sədri fikrini yekunlaşdırır.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (1)
  •  (3)