İyulun 31-də Baş Prokurorluqda 2019-cu ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib, kriminogen stabilliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınıb.
Hesabat dövründə qeydə alınmış 13534 cinayətin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanıb.
Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib.
Hokm.az
















