“Baku Steel Company” saxta alış aktlarına görə məhkəməyə verildibackend

“Baku Steel Company” saxta alış aktlarına görə məhkəməyə verildi

Bakı şəhərində yaşayan bir qrup sakin “Baku Steel Company” MMC-ni məhkəməyə verib.

Hokm.az xəbər verir ki, iddia ərizəsinə imza atan 65 nəfər şirkətin onların adına rəsmiləşdirdiyi alış aktlarının etibarsız sayılmasını istəyiblər. Bildiriblər ki, onlar heç vaxt metal satışı ilə məşğul olmayıblar və “Baku Steel Company” həmin sənədləri öz xeyrinə saxtalaşdırıb:

“Baku Steel Company” MMC pandemiya dövründə bizə şəxsiyyət vəsiqələrimizin qarşılığında 500 manat verəcəyini bildirdi. Bu səbəbdən biz də şəxsiyyət vəsiqələrimizi cavabdehə təqdim etdik. Başqa heç bir məlumat verilmədi. Lakin bir müddət sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi borcumuz olması ilə bağlı xəbərdarlıq aldıq. Biz heç vaxt metal satışı ilə məşğul olmamışıq. Ona görə də öncə bununla bağlı etirazımızı şirkətə bildirdik. “Baku Steel Company” isə bu məsələdə yanlışlığın mövcud olduğu və Dövlət Vergi Xidmətinə müraciət etməyimizi tövsiyə etdi. Bunun üçün bizə bir neçə sənəd verdilər. Dövlət Vergi Xidmətinə müraciət etdikdən sonra da bu problem həll olunmadı”.

Məlum olub ki, Bakı sakinlərinin şəxsiyyət vəsiqəsini alan “Baku Steel Company” onların adına alış aktları rəsmiləşdirib. Aktlarda onlardan hər birinin şirkətə 300-400 ton metal satdığı qeyd olunub. Bu səbəbdən sakinlər etibarsız alış aktlarının ləğv edilməsi ilə bağlı şirkətə müraciət ediblər. Lakin heç bir cavab ala bilməyiblər. Bundan sonra sənədlərin saxtalaşdırılması ilə bağlı məlumatları toplayaraq həmin alış aktlarının etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət ediblər:

“Pandemiya vaxtı insanların çətin vəziyyətindən sui-istifadə edərək qazanc əldə etmək istəyən “Baku Steel Company”nin birtərəfli qaydada hazırladığı alış aktlarının etibarsız, əhəmiyyətsiz olduğu gün kimi aydındır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülkü Məcəllənin 337.3-cü maddəsində isə göstərilib ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu maddələrə əsasən bizim, yəni müqavilə üzrə bir tərəfin heç bir iradəsi olmadığından satış aktları əhəmiyyətsizdir. Bunları nəzərə alaraq cavabdeh “Baku Steel Company” MMC-nin rəsmiləşdirdiyi alış aktlarının və məxaric orderlərinin etibarsız hesab olunmaları barədə qətnamə qəbul edəlməsi xahiş etdik”.

Qeyd edək ki, iddia ərizəsinə imza atanlar arasında qadınlar da yer alıb. Onlar adlarına tərtib olunan alış aktlarının ləğvi və hesablanan vergi borclarının silinməsi ilə bağlı Prezident İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ediblər:

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də dəfələrlə müraciət edib heç bir metal təqdim etmədiyimizi bildirməyimizə baxmayaraq, bizə hesablanan vergi məbləğlərini silmədilər. Dövlət vergi xidmətinin əməkdaşları, əgər biz qeyd olunan həcmdə metal təqdim etmişiksə bu zaman bütün metal şirkətlərindən tələb etdiyi nəqliyyat vasitələri barədə məlumatları və hər partiyada tərtib olunmuş təhvil-təslim aktlarını “Baku Steel Company” MMC-dən tələb etməlidir. Biz qeyd olunan heç bir sənədə imza atmamışıq. “Baku Steel Company” MMC öz mənfəət vergisindəki süni xərclərini şişirtmək üçün bizim adımıza yazılmış alış aktlarını silməyib. Sizdən xahiş edirik ki, başımızdakı bu bəladan bizi qurtarasınız. “Baku Steel Company” MMC tərəfindən yazılmış alış aktları ləğv olunsun və bizim adımıza yazılmış vergi borcları silinsin. Hətta sahibkar olmadığımız üçün VÖEN-lərimiz də ləğv edilsin”.İndex.az

  •  (0)
  •  (1)