Bakının son müharibə hazırlıqları – Düşmənə verilən möhlət də, xəbərdarlıqlar da bitdibackend

Bakının son müharibə hazırlıqları – Düşmənə verilən möhlət də, xəbərdarlıqlar da bitdi

Ordu hazır, xalq hazır, qalır daxildəki milli satqınları və “5-ci kolon”u zərərsiz hala gətirmək; savaşın dəqiq tarixini Ali Baş Komandan bilir; tanınmış politoloq: “Türkiyənin regiona gəlişi Rusiyanı neytrallaşdıracaq…”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Tovuzla həmsərhəd Tovuş bölgəsində olub, növbəti dəfə sərsəm bəyanatlar verib, öz xalqına “qələbə” və cənnət nağılları danışıb. İyul hərbi toqquşması zamanı erməni ordusunun “qalibiyyətli döyüşlər”indən dəm vurub. Bundan 10 gün qabaq – avqustun 30-da isə o, işğal altındakı Dağlıq Qarabağda peyda olmuş, cəbhə xəttindəki zastavalara baş çəkmişdi.

Son zamanlar Ermənistanın hərbi rəhbərliyinə daxil olan şəxslər də sərhəd bölgələrində və qoşunların təmas xəttindəki ərazilərdə tez-tez görünməyə başlayıblar. Xüsusən Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın daha yüksək fazaya keçməsi, uğurla davam edən birgə hərbi təlimlər, məxsusən düşmənə göz dağı olan Naxçıvandakı birgə hərbi manevrlər, habelə Türkiyə və Azərbaycanın müdafiə nazirlərinin, yüksək çinli generallarının intensivləşən qarşılıqlı səfərləri, bu səfərlər zamanı işğalçıya verilən birmənalı və açıq xəbərdarlıq mesajları düşmən tərəfin yuxusunu əməllicə qaçırıb.

Məntiqlidir. Həm də o səbəbə ki, Tovuz təxribatından sonra rəsmi İrəvan Azərbaycanın bir qarış torpağı belə güzəştə getməyəcəyinə heç vaxt olmadığı qədər əminlik hasil edib. Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk rəsmi səfəri isə Bakının imitasiya xətrinə danışıqlara getməyəcəyi qənaətini daşlaşdırmış olub.

Bütün bunlar o anlama gəlir ki, əgər təcavüzkar yenə də konstruktiv danışıqlardan qaçmağa davam edərsə, o zaman müharibə qaçılmaz olacaq. Çünki Azərbaycan sonsuzadək öz torpaqlarının işğalına seyrçi qalmayacaq. Qısası, Bakının İrəvana, son olaraq da “inqilabçı” baş nazir Paşinyana xoş məram kimi Qarabağla bağlı verdiyi son möhlət artıq bitib.

Bir sıra təhlilçilərə görə, vəziyyət belə davam edərsə, payızda – oktyabr-noyabr aylarında cəbhə xəttinin Qarabağ istiqamətində Azərbaycan antiterror əməliyyatına başlaya bilər. Bəzi məlumatlara görə, hətta bu yöndə son texniki-taktiki hazırlıqlar yekunlaşmaq üzrədir. O sırada cəbhəyanı bölgələrdə müdafiə xarakterli işlərin intensivləşdirilməsi bu qəbildəndir.

Lakin müharibədə uğur məsələsinin gözlənilməzlik faktoru ilə də əlaqəli olduğunu nəzərə alsaq, o zaman dəqiq tarixin yalnız Azərbaycanın Ali Baş Komandanında olduğunu söyləmək olar. Əlbəttə ki, Azərbaycan müharibə barədə Ermənistanı xəbərdar etməyəcək. 2016-cı ilin aprelindəki kimi qəfil zərbə taktikasına üstünlük verəcək. Eyni zamanda beynəlxalq şərtlər və şərait də ciddiyə alınacaq.

“Cəbhəyanı kəndlərdə bunkerlərin tikilməsi, hazırlanması normal addımlardır. Mülki əhalini qorumaq lazımdır”.

Bunu “Yeni Müsavat”ın canlı yayımında politoloq Eldar Namazov deyib. Onun sözlərinə görə, düşmən bunu bilirsə, biz də bu haqda cəmiyyəti məlumatlandırmalıyıq.

“Bizdə könüllülərin orduya cəlb edilməsi istiqamətində addımlardan bir gün sonra Ermənistan da bu haqda qərar qəbul etdi. Deməli, dövlət müharibəyə çox ciddi hazırlaşır. Müharibə elə vaxt olmalıdır ki, ermənilər onu ağıllarına belə gətirməsinlər. Əsas odur ki, müharibəyə hazırlıqlar gedir”, – deyə politoloq qeyd edib.

Politoloq antiterror əməliyyatı zamanı Türkiyə amilinin oynayacağı roldan da danışıb: “Türkiyənin regiona gəlişi Rusiyanı neytrallaşdıracaq. Əvvəlcə müharibə edib vahid qoşun hissələri yaratmaq lazımdır, yoxsa əksinə? Bu sualların cavabı Ali Baş Komandandadır. Məlumatlar ondadır”.

Şübhə yox ki, Azərbaycan dost-tərəfdaş ölkələrdən silah-sursatı və ən müasir döyüş sistemlərini yalnızca vitrində paslatmaq, yaxud hərbi paradlarda nümayiş etdirmək üçün almır. 1 nömrəli hədəf – ərazi bütövlüyümüzün bərpa edilməsidir. Belə görünür ki, İrəvan xoşluqla ərazi bütövlüyümüzü tanımayacaq. Demək, zopa lazım olacaq.

Ancaq bundan ötrü yetərli hərbi güclə yanaşı, daxildə milli barışıq və işğala qarşı yekdil cəbhə tələb olunur. İyul döyüşləri zamanı Bakıda keçirilən orduya kütləvi dəstək nümayişləri, siyasi təşkilatların verdikləri bəyanatlar bu məsələdə problemin olmayacağını göstərdi. Qalır, daxildəki milli satqınlar və “5-ci kolon”çular.

“Ölkə daxilində təmizləmə işləri ”beşinci kolon”un nümayəndələrini hakimiyyət orqanlarından uzaqlaşdırmaq, neytrallaşdırmaq məqsədi daşıyır”.

Bunu da “Yeni Müsavat”ın canlı efirində Eldar Namazov söyləyib. Politoloq aparılan islahatların idarəetmədə, rüşvətxorluqla mübarizədə böyük önəm kəsb etdiyini söyləməklə yanaşı əlavə edib: “Mən çox istəyirəm ki, bu islahatlar davam etsin. Bununla bağlı bizi böyük çətinliklər gözləyir. Buna görə çox böyük narahatlıq keçirirəm. Geosiyasi məsələlərdə, Qarabağ problemin həllində, eləcə də daxildə çox ciddi problemlər mövcuddur. Dövlət qurumlarında onilliklər boyu rəhbər vəzifə tutanları təmizləmək olduqca çətindir”.

Üstəgəl, sözügedən adamların bir çoxu xaricdəki müəyyən anti-Azərbaycan çevrələrinə, sponsorlara bağlıdır. Bu xüsusda əslinə qalsa, erməni işğalçıları ilə haqq-hesab çürütmək problem deyil, yetər ki, “sapı özümüzdən olan baltalar”ı vaxtında neytrallaşdıraq. Çünki düşmən önümüzdədirsə, gözəgörünməz milli satqınlar yanımızda, içimizdə, arxamızdadır…

  •  (0)
  •  (0)