Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub.
Belə ki, iddialara görə, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
“Qafqazinfo” məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.
——-
Bakıdakı 164 nömrəli orta məktəbdə SSRİ-nin təbliğatı aparılır.
Hokm.az xəbər verir ki,bununla bağlı araşdırmaçı jurnalist Samir Feyruzov məlumat yayıb.
Jurnalist qeyd edib:
“Foto bu gün 164 nömrəli orta məktəbdə çəkilib. 9 may Qələbə gününün bu şəkildə qeyd olunmasına nə ehtiyac var!? Hazırda Rusiya mediası Kremlin sifarişi ilə II Dünya Müharibəsindəki qələbəni mənsimsəyir, xüsusilə azərbaycanlıların rolunu heçə endirir. Müharibədə 300 min azərbaycanlı həlak olub. Gec-tez Rusiya Azərbaycana da təcavüz etməyə çalışacaq. Biz indidən bu təcavüzə ideoloji zəmin hazırlayırıq!?
Belə bir məqamda övladlarımızın başına rus beretkası, yaxasına Qələbə bantı vurmaq nə deməkdir!? Hələ arxalarındakı SSRİ bayraqlarını demirəm.
Hazırda işğalçı Rusiya ordusu Ukraynaya bu “Qələbə bantları” ilə daxil olur.
Araşdırsınlar görək, 164 saylı məktəb rus beretkalarını, bantları necə hazırlatdırıb, yaxud SSRİ simvollarını haradan alıb…
Lövhədəki “sülh göyərçinləri”nə diqqət edin. Həqiqətən də Rusiya sülhpərvərdir!? Sabah bu uşaqlar elə biləcəklər ki, Rusiya Ulraynaya da, Qarabağa da sülh üçün daxil olub. Bəlkə bu biabırçı durumu yığışdırasınız…
Rus əsgərləri 20 Yanvar qətliamını da başlarında bu beretkalarla törətmişdilər.
Həmişə demişəm, bir daha deyirəm, övladlarınızın rus dilini bilməsini istəyirsinizsə, onları rus bölmələrinə qoymağa ehtiyac yoxdur. Biz rus dilini də bilməliyik. Amma öncə rus dilini yox, rusun dilini öyrənməliyik.
9 may təkcə rusun qələbəsi deyil. Qələbədən 3 il sonra SSRİ rəhbərliyi xalqımızı deportasiyaya məruz qoydu, dilimizi, tariximizi tapdaladı”.