Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Hokm.az xəbər verir ki, rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib.
Ölkələrimiz arasında əlaqələrdən danışan Latviya səfiri Edqars Skuya Azərbaycan-Latviya münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Ölkəmizi COP29 kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbriklərini çatdıran diplomat Latviya və Azərbaycan arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və görüşlərin rolunu qeyd edib. Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu, ölkələrimiz arasında ticarət dövriyyəsinin son illərdə artdığını diqqətə çatdıran Edqars Skuya Dövlətlərarası Komissiyanın iclasının gələn il keçiriləcəyini də deyib.
Latviya xalqını bayram münasibətilə təbrik edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, cari ilin yanvar ayında Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Qarşılıqlı səfərlərin siyasi dialoqda, tərəfdaşlıq önəminə diqqət çəkən XİN rəsmisi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşəcəyindən əminliyini ifadə edib.