Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb. Mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq.
Hokm.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer mayın 30-da jurnalistlərə müsahibəsində deyib.
Bakı trekinin iyunun 7-dək yarışa hazır vəziyyətə gətiriləcəyini deyən T.Butçer bildirib: “Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək”.
“Bakı şəhər halqasında tamaşaçılar üçün 9 tribuna var. Ən böyük tribuna “Abşeron” tribunasıdır ki, onun 5 min 500 tamaşaçı tutumu var. Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək üçün tribunalarda 16 min 700 oturacaq quraşdırılıb”, – deyə T.Butçer əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.