Bakı küçələri QUMARXANAYA çevrilib – “Poz qazan”ın “tor”una düşənlərbackend

Bakı küçələri QUMARXANAYA çevrilib – “Poz qazan”ın “tor”una düşənlər

“Azərlotereya” ASC tərəfindən təşkil edilən “Poz qazan” ani uduş lotereyasına maraq hər gün daha da artır. İnsanların sıx olduğu yerlərdə, xüsusilə metrostansiyaların çıxışında uşaq-böyük, yaşlı-cavan demədən hər kəs 1 manata varlanmaq istəyir və beləcə, özü də bilmədən tora düşür.

Azərbaycanda kazino və qumarxanaların fəaliyyəti qanunla qadağan olunsa da, bu gün küçələrdə açıq-aşkar pul yarışı gedir. Nədənsə, insanları mədəni şəkildə qumara sövq edənlərə “gözün üstə qaşın var” deyən yoxdur. “Poz qazan” rəsmi icazə verilən lotereya olsa da, kütləvilik insanları qumara təhrik edir, daha doğrusu, şirnikləndirir. Nəticədə bu ayı gələn aya güclə calayan kasıb varlanmaq ümidilə son qəpiyini də qumarda uduzur.

Mövzu barədə Modern.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bu, bizim cəmiyyət üçün zidd hal deyil, əksinə cəmiyyətin xarakterinə uyğun tapıntıdır.

F.Mustafanın fikrincə, sanki insanlar bundan zövq alırlar:

“Niyə onlara ziyan vurmalıdır ki? İnsan bir də görürsən ağac tapır və onu pirə çevirib, əski parçası bağlayır. Yaxud gedib hansısa cəhalət, xurafat elementlərinin qarşısında günlərlə sürünür. Həmin tip adamlar araşdırır ki, metronun qabağında xarakterinə görə insanları necə aldatmaq olar, əlbəttə, tamahla! Tamah varsa, daha çalışmağa ehtiyac yoxdur, təsadüfən qazanacaqsan, gəlir əldə edəcəksən. Ancaq bu qazanc da ona sərf etmir. 20 manat qazanır, sabah gedib 10 manatını təzədən lotereyaya verir. Deməli, bu insanın düşüncə, mental problemi var. Biz bunu dəyişmək üçün gərək özümüzü dəyişək. Özümüzü niyə dəyişməliyik ki? Min illər belə yaşamışıq niyə dəyişək? Hələ də Mehdi gözləyən xalqıq. Gözləyirik ki, o gələcək, işimizi qaydaya qoyacaq. Belə bir təsəvvürü ağlımızda otuzdurmuş xalqıq. İndiki lotereya da onun tərkib hissəsidir. Yəni, təsadüfən nəsə baş verəcək, mən varlanacağam. Ancaq çalışmaqla varlanmaq kimi anlayış heç ağıllarına da gəlmir. Ağlını işlətsən, pul da qazana bilərsən. Çevrənə dön bax, minlərlə insan ağlını işlədib, pul qazana bilir”.

Deputatın sözlərinə görə, lotereyanın auditoriyası əsasən xurafata meyilli insanlardır:

“Bunu dəyişmək olmaz. Təsəvvür edin, deyirlər, “filan ziyarətgahda qurban kəsməlisən”. Adama deyirlər ki, qurbanlığı buradan almalısan. Adamın ağlı yerində olsa, qurbanlığı orada niyə kəsir. Gedib evinin həyətində kəsər. Kim deyir ki, qurbanlığı gedib ziyarətgahda kəsməlisən. Kim deyir Allaha inanırsansa, ona şərik qoşmalısan, başqasından özün üçün nəsə diləməlisən. Ümumiyyətlə, sağlam din anlayışında belə bir şey varmı? İnsan gedib deyir, eybi yox, baha da olsa, qurbanlığı buradan alacam. Bununla rahatlanıram. Bu məsələri dəyişməyə gərək yoxdur. Dəyişmək əvəzinə ölkənin müəyyən qədər ziyalı təbəqəsini, düşünən insan təbəqəsinin potensialını artırmaq lazımdır ki, bir az müqavimət edəcək təbəqə olsun. Bu təbəqə də yoxdur. Bu yaxınlarda bir məktəbdə gedən təcrübəyə görə nə qədər etirazlar oldu. İti təpikləyirlər, balığın dərisini diri-diri soyurlar, yeməyini bişirirlər, buradakı eksperimentə etik cəhətdən yanlış bir şey kimi baxırlar. Niyə, çünki mentalitet budur. Ona görə biz belə məsələlər üzərindən deyə bilmərik ki, dəyişək. Bu olmayacaq, başqa bir şeylə aldadacaqlar. Təki aldatmaq olsun. Aldatmaqdan başqa bir şey düşünmürlər ki?! Bundan zövq alırlar”.

Deputat xurafatdan xilas olmaq üçün insanların dəyişilməli olduğunu sözlərinə əlavə edib:

“Bir dələduz çıxsın, onun dalınca 10 min adam düzüləcək ki, gedim onun arxasınca. Ancaq həqiqəti söyləyən adamın dalınca gedən varmı? Yoxdur. Ona görə də, bu məsələləri öz axarına qoymaq lazımdır. Kimi aldada bilirlərsə, aldatsınlar. Ancaq aldanmayacaq insanların sayını müəyyən dərəcədə çoxaltmaq lazımdır. Ağıllı insanların üzərində işləmək lazımdır ki, cəmiyyətdə müqavimət olsun. Cahil adamlar ağıllı insanları yönləndirə bilməsin. Bunun yolu təhsil səviyyəsini yüksəltmək, oxumağı təşviq etmək, insanı düşünməyə sövq etməkdir.

Yoxsa, o adamlara nə qədər desən, xeyiri yoxdur. Çünki bu, onun üçün artıq “dindir”. Artıq öz “Allah”ını müəyyən edib, bunu dəyişə bilmərsən. O deyir ki, bu ağac, bu pir, bu daş, bu şeyx mənim “Allah”ımdır, vəssalam. Bunu necə dəyişə bilərsən. Ona görə də yeni düşünən insan modeli üzərində çalışmaq lazımdır. Belə inasanların sayı heç olmasa 5 faizə çatdırılsın ki, cəmiyyəti yönləndirmək üçün fikir söyləyəndə daş-qalaq edilməsin”.

  •  (0)
  •  (0)