Bahalaşmayan bir ət qalmışdı – “Bu idarəetmə ilə qiymətlər sabit qala bilməz”backend

Bahalaşmayan bir ət qalmışdı – “Bu idarəetmə ilə qiymətlər sabit qala bilməz”

Dövlətin iri holdinqlərə 3-4 il ərzində ayırdığı vəsait on minlərlə kiçik və orta təsərrüfat subyektlərinə heç 20 il ərzində qismət olmayıb

Ümumi qiymət artımı kontekstində, bəlkə də, ən sabit məhsul olaraq qalan ətin qiyməti idi. Bununla belə, qiymət sabitliyinə ümidlər yox idi və ən pis gözləntilər özünü doğrultdu. Hər şeyin qiymət marafonundan sonra keçən həftənin sonuna yaxın quzu və mal əti də bahalaşdı.

Mətbuatın yazdığına görə, yanvarın əvvəlindən paytaxt dükanlarında mal ətinin 1 kiloqramı 13-14 manata (təxminən 8 dollar) satılır. Əvvəllər isə 10,5-11 manat (təxminən 7 dollar) idi. 1 kiloqramı 14 manata satılan qoyun ətinin qiyməti hazırda 16-17 manata (təxminən 10 dollar) qalxıb.

Ekspertlərin fikrincə, yerli istehsal tələbatı ödəmədiyi üçün ətin bahalaşması gözlənilən idi. Ona görə də daxili bazar idxalla bağlı bütün risklərə məruz qalır.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, beş il əvvəl iqtisadçılar ətin bahalaşacağını proqnozlaşdırırdılar: “Bahalaşmanın əsas səbəbləri hökumətin gözlənilmədən pambığa olan həvəsi, yanacağın (34%) və yemin (40-50%) bahalaşmasıdır. Bundan əlavə, demək olar ki, bütün mal və xidmətlərin qiymətləri artır, inflyasiya sürətlənir və nəticədə fermerlərin və ət istehsalçılarının gündəlik xərcləri artır. Nəticədə onlar da öz xərclərini ödəmək üçün qiymətləri qaldırmalı olurlar. Nəhayət, karantinin yumşaldılması ilə iaşə sektoru işə başlayıb, ətə tələbat artıb”.

“Ümumiyyətlə, hazırkı idarəetmə sistemi şəraitində qiymətlər sabit qala bilməz. Axı, fikir verirsinizsə, qiymətlərin qaxlmasının əsas stimulu mal-qara üçün olan otlaqlarda pambıq becərilməsi olub. Bu, təbii ki, yem bazasının maya dəyərinin artmasına səbəb oldu, müvafiq olaraq mal və qoyun ətinin qiyməti artmağa başladı”, – deyə həmsöhbətimiz bildirib.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli də AYNA-ya açıqlamasında söyləyib ki, yerli istehsal tələbatın cəmi 45 faizini təmin edir: “Məhsuldarlığa mal-qaranın gündəlik çəkisinin kiçik artımı da təsir göstərir. Aşağı məhsuldarlıq problemi, digər məsələlərlə yanaşı, damazlıq malların yetişdirilməsi ilə bağlıdır. Bu istiqamətdə damazlıq işləri, demək olar ki, aparılmır. Amma əsas problem yem bazasının zəif olmasıdır”.

Ekspert qeyd edib ki, ölkədə yüksək keyfiyyətli yemin cəmi beş faizi istehsal olunur: “Azərbaycanda ot və digər yem bitkilərinin istehsalı da aşağı səviyyədədir. Digər problem otlaq sahələrinin olmaması ilə bağlıdır. Çox vaxt otlaqların bir hissəsi əkin üçün istifadə olunur ki, bu da yolverilməzdir. Təkcə ətə yox, südə olan tələbatımız da normanın yarısı qədərdir”.

Digər məsələlərlə yanaşı, yerli ekspert dairələrində kiçik təsərrüfatların vəziyyəti ilə bağlı kənd təsərrüfatı kooperasiyası haqqında çox danışılır. Kiçik və orta fermerlər ölkənin regionlarında yaradılan iri kənd təsərrüfatı holdinqləri ilə rəqabət apara bilməyə bilər. Bütün bunlar iri holdinqlər və kiçik təsərrüfatlar arasında imkanların balanssızlığını yaradır.

Araşdırmaçıların fikrincə, ilk baxışdan məmurların ölkənin aqrar sektorunda iri təsərrüfat subyektlərinin yaradılması lehinə arqumentləri inandırıcı görünsə də, bununla bağlı xırda fermerlər üçün yaranan çətinliklərə susmaq isə problemə göz yummaq deməkdir. Axı, güclü potensiala, dövlət imtiyazlarına və geniş resurslara çıxış imkanına malik kənd təsərrüfatı holdinqləri güzəştsiz şəkildə daha rəqabətədavamlıdır və bu, artıq kənd yerlərində kiçik və orta biznes üçün kifayət qədər riskdir.

Daha aydınlıq üçün iqtisadçılar dövlət yardımının miqyasını iri holdinqlərin və kiçik təsərrüfatların dəstəyi ilə müqayisə etməyi təklif edirlər. Nəticədə məlum olur ki, dövlətin iri holdinqlərə 3-4 il ərzində ayırdığı vəsaitin həcmi kənddəki on minlərlə kiçik və orta təsərrüfat subyekti tərəfindən heç 20 il ərzində alınmayıb.

  •  (0)
  •  (0)