Bağışlayın, Əziz Səncər, dediklərinizi etmək bizlik deyil – AXI NİYƏ?!backend

Bağışlayın, Əziz Səncər, dediklərinizi etmək bizlik deyil – AXI NİYƏ?!

Xahiş edirik, bizim başbilənlərə vəziyyəti izah edin, biz deyənə baxan yoxdurŞərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, telefonlar/” title=”ağıllı telefonlar” target=”_blank” style=”text-decoration: none;color: #000!important;cursor:default;”>ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bu adam haqqında çox eşitmiş və oxumuşdum. Mardinin Savur ilində orta səviyyəli fermerin səkkiz uşağından yeddincisi olaraq dünyaya gələn bu adam zirvəyə öz dişi və dırnağı ilə yetişib və bir daha sübut edib ki, milləti və dövləti tanıdan alverçilər, kriminal avtoritetlər, şou-biznes əhli-filan yox, məhz alimlər və ziyalılardır.

Söhbət dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı Əziz Səncərdən (Aziz Sancar) gedir. Bu yaxınlarda Bakıda idi Əziz bəy – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi İqtisadi Forumda (UEF Baku 2021) iştirak etmək üçün gəlmişdi. Gəldi, iştirak etdi, Qarabağa səfər etdi və ölkəmizdən ayrılanda da yaxşı bir tövsiyyə verib getdi. Keçirilən mətbuat konfransında “Döyüş meydanında qazandıqlarınızı sülh masasında itirməyin. Bu, Osmanlı İmperiyasının tənəzzülü dövründə böyük problem idi. Bu, həmişə nəzərə alınmalıdır. Elm və texnologiyada güclü olmaq lazımdır. Türkiyə, Azərbaycan və türk dünyası elm və texnologiyada öndə olsa, biz nə meydanda, nə də masa başında döyüşü uduzacağıq” dedi.

Qızıla bərabər sözlərdir – hansıları ki, oxuyandan sonra qərara gəldim, Əziz bəyə bir valideyn kimi açıq məktub yazam və ondan əvvəlcə kömək, sonra da üzr istəyəm. Axı niyə bu qərara gəldim və üzrün səbəbi nədir?! İzah edim.

Hörmətli Əziz bəy! Bu günlərdə Bakının adı sizə məlum olmayan, amma paytaxtın ən çox tələbə sıxlığı olan iki küçəsi – Bəxtiyar Vahabzadə və Zahid Xəlilov küçələri ilə gəzişirdim. Bir neçə universitetin yerləşdiyi məkana yaxın olan bu küçələrdə həmişə tələbə bol olub. Bu küçələr mənə də öz tələbə cavanlığımı xatırladır. Amma, bizim tələbəliklə indikilər arasında çox aydın görünən bir fərq var. Yox, söhbət tələbələrin geyiminin, davranışının fərqli olmasından getmir. Bizim dövrümüzün tələbələri də bəziləri istədiklərini, bəziləri isə imkanı çatdıqlarını geyinirdilər. Elə davranışımız da müvafiq idi – hərə öz ailəsində gördüyü tərbiyəni nümayiş etdirirdi.

Amma bizim dövrün tələbələrinin üzündə gülüş, sabaha inam, əminlik, gənclik təravəti vardı. Adıçəkilən küçələrlə təkcə tələbələr gedib-gəlmir. Orada 9-11-ci sinif şagirdlərinin gedib-gəldiyi çoxlu hazırlıq kursları da fəaliyyət göstərir və buna görə də məktəblilərin axını tələbələrə qarışır. Adam çoxdur, ancaq üzlərində bayaq dediyim o təbəssüm, gələcəyə inam, dünyanı yerindən çevirməyi bacaracaqlarına əminlik bu gün çantaların ağırlığı altında yorğunluqla, etinasızlıqla əvəz edilib. Sanki, taleləri ilə barışan, boz, ümidsiz kütlə bir-birinə dəyə-dəyə ora-bura gedib-gəlir.

Əslində, bu fərqi dəfələrlə hiss etmişdim. Ancaq bu dəfə nədənsə həmin an Sizin tövsiyyəniz yadıma düşdü: “Türkiyə, Azərbaycan və türk dünyası elm və texnologiyada öndə olsa…”

Əziz bəy, sizin hansı sistemlə oxuduğunuzu bilmirəm, bizdən xeyli əvvəl oxumusunuz, amma mən oxuyan zaman Sovetin (əslində Almaniyadan ixrac edilmiş) sınanmış təhsil sisteminin axırına Azərbaycanda tam çıxmamışdılar, lakin proses artıq başlamışdı. Hələ bu andıra qalmış Boloniya sistemi, kollokvum, kurrikulum, orta qiymətləndirmə, böyük qiymətləndirmə-filan da yox idi. Məktəbdə verilən dərslərimizi də oxuyurduq, son sinifdə bir-iki fəndən (əsasən xarici dildən) hazırlığa da gedirdik, hələ məhlədə çantalarımızdan düzəltdiyimiz futbol qapılarına toplar vurmağa da vaxtımız çatırdı. Necə deyərlər, adam kimi uşaqlığımızı yaşayır, sonra tələbə olurduq. Sovet dövründə elə bu sistemin məhsulları arasında da dünya şöhrətli alimlər, həkimlər az çıxmayıb.

Əziz bəy, bəlkə də oxuduğunuz Türkiyədə, ABŞ-da bu Boloniya sistemi alayı cürdü, normal işləyir, amma bizdə bir çox məhsullar “kitayski” olduğu kimi bunun da zayını çıxarıb, “kitayski” mala çevirdlilər. İnanmıram ki, sizdə riyaziyyat müəllimi uşağa ev tapşırığına təkcə bir fəndən 50 misal-məsələ, 5-6 mövzu versin. Üstəgəl, hətta ibtidai sinifi bitirən kimi əlavə repetitora gedən uşaqların olduğunu nəzərə alsaq, repetitorun verdiyi dərs…

Saat 8-də dərsə gedən uşaq, təxminən 2-də dərsdən çıxır, sonra da 1-2 hazrılıq müəllimi və olur axşam. Tez-bazar çörəyini yeyən şagird qaçır yenə kitab-dəftərin üstünə və beləcə düz saat gecə birə qədər. Vəziyyət o həddə çatıb ki, uşaqlar kitabdan iyrənir və ağlayırlar: imkanı olan valideyn də uşağını ya başqa məktəbə keçirir, ya da elə öz məktəbinin direktoru ilə danışaraq, dərsə gəlməməsini, yalnız repetitor yanına getməsini təmin etməyə çalışır. Əks halda uşaqlar ya depressiyaya düşür, özlərinə qapılır, ya da sadəcə oxumaqdan iyrənirlər. Hətta instituta qəbul olsalar belə, oranı “xala xətrin qalmasın” deyə oxuyurlar ki, sadəcə diplom alsınlar. Onların hansısa sahədə mütəxəssis olması isə artıq bu fonda imkansız görünür.

İndi özünüz deyin, belə boz kütlə – depressiyalı gələcəklə hansı alimlərin, mühəndislərin yetişməsindən danışmaq olar?! Yox, mən demirəm ki, uşaqlar oxumasınlar, amma hər şeyin də bir əndazəsi var axı.

Əziz bəy, Türkiyədə və ABŞ-da məktəbə gedən uşaq dərsdən sonra da onun yanına eyni fənni öyrənməyə gəlməsi üçün, tutaq ki, riyaziyyat və ya tarix müəllimi tərəfindən sıxışdırılırmı? Belə uşaq necə həmin o riyaziyyatı və tarixi sevə bilər? Və yəqin ondandır ki, evdə hansısa məktəb müəllimimizin adını hörmətlə çəkəndə, rəhmət oxuyanda, övladlarımız bizə qəribə baxırlar: yəqin düşünürlər ki, bunların başı xarabdır, eyni səhvləri edən, yanına hazrılığa gələn tələbəyə “5”, getməyənə isə “3” yazan müəllimi necə sevmək, örnək götürmək, illər sonra rəhmət oxumaq olar?

Pedaqogika elminin klassiklərinin hamısınn gəldiyi bir qənaət var: uşaqlığını, gəncliyini olduğu kimi tam yaşamayan fərdin böyüyəndə mütləq hansısa bir qüsuru olacaq. Və bu qüsur ona imkan verməyəcək ki, Sizin dediyiniz o texnologiyada, elmdə dünya şöhrətli alim, mühəndis, həkim olub, bu milləti irəli aparsın.

Azərbaycan rəsmiləri ilə daim təmasda olursunuz. Yəqin, elə təhsilimizə rəhbərlik edənlərlə də. Xahiş edirik, onlara vəziyyəti izah edin, Əziz bəy! Biz deyənə baxan yoxdur. Onlara deyin ki, analoqu olmayan bəzəkli məktəblər tikib, içini bahalı texnika ilə doldurub, AzTV-nin iştirakı ilə açılış etməklə, təhsil vermiş olmuruq balalarımıza. Onsuz da Azərbaycanda təmirli, kompüterli məktəbdən çıxan uşaqların da, adi məktəbdən çıxan uşaqların da valideynləri repetitor axtarışıdındadırlar – özü də yaxşı olar ki, “bunker müəllimi” olsun ki, uşaq qəbul imtahanında testdən keçə bilsin.

 

Hörmətli Səncər, növbəti səfərinizdə özünüzlə tanınmış alim və müəllimləri də gətirin ölkəmizə: yığın bu təhsilə başbilənlik edənləri və əsl Boloniya (və ya digər normal sistem) necə olmalıdır mövzusunda bir leksiya oxuyun. Axı ildən-ilə ali məktəblərə qəbul balları düşür, bu da öz növbəsində təhsilin vəziyyətinin göstəricisidir. İstənilən vasitə ilə təhsil səviyyəsi zəif abiturienti də tələbə etməkdə məqsəd nədir axı? İşsizlər ordusuna növbəti namizədlər yetişdirmək? Və ya əgər qohumu və ya pulu varsa, sonradan başımıza çıxarıb, müdirlik, rəislik edəcək “dublar”ı niyə yetişdirib sırıyırıq bu millətin canına?

Əziz bəy, sanki kiminsə görünməyən əli ilə adını fəxrlə çədkdiyiniz türk dünyasına sui-qəsd edilir. Bu problemin həllində bizə yardımçı olun ki, heç olmasa 100 ildən sonra Azərbaycan balası da əlində Nobel mükafatını tutsun!

Hələlik isə… Sizin qarşınızda üzr istəyir və etiraf edirik: “Af et bizi, Hocam, türk dünyasını elm və texnologiyada irəli aparmaq, üzünü ağ etmək bizlik deyil”.

Hələlikmi bizlik deyil, yoxsa…?

 

  •  (0)
  •  (0)