Azərbaycanlı tələbə Elnarə Həsənova: “Yəhudilərin pesax bayramı Azadlıq carçısıdır”!
Azərbaycan daim ona pənah gətirən şəxslərə qucaq açan və isti ocaq bəxş edən bir dövlət olmuşdur. Tolerant və multikultural dəyərlərin yüksək şəkildə təşkil tapdığı Respublikamızda dilindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq yaşayan hər bir kəsə azad yaşam hüququ verilmişdir. Ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Respublika ərazisində yaşayan azsaylı xalqlar onlara verilən azad yaşam hüququndan istifadə edir və gözəl həyat tərzi sürürlər. Onu da vurğulamalıyıq ki, ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir.
Azərbaycan ərazisində qədim zamanlardan məskunlaşmış,çox maraqlı adət-ənələrə sahib olan xalqlardan biri də dağ yəhudilərdir. Dağ yəhudilərinin Qafqaz ərazisində məskunlaşma tarixi XIX əsrə təsadüf edir. Onlar başlıca olaraq Azərbaycan Respublikasının Bakı, Quba, Oğuz, Xaçmaz, Gəncə və digər regionlarında məskunlaşmışlar. Quba rayonunda yerləşən “Qırmızı qəsəbə” adlanan ərazisində dağ yəhudiləri çoxluq təşkil edir.
Bu gün dağ yəhudiləri “Pesax bayramı”-nı qeyd edir. İsrail üzrə təhsil alan və yəhudi xalqının dili, tarixi, ədəbiyyatı, etnoqrafiyası, coğrafiyası və s. məsələləri ilə tanış olan tələbə olaraq bu bayram haqqında bilgilərimi oxucularla paylaşmaqdan məmnunluq hissi duyuram.
Musa müqəddəs Tuva vadisindən geri döndükdən sonra qardaşı ilə birgə Fironun yanına gedir və Allahın ona dediklərini edir. Lakin Firon heç bir sözə inanmır və yəhudilərin Misir ərazisindən çıxmasına heç bir vaxt icazə verməyəcəyini söyləyir. Bütün bunlara baxmayaraq Musa Allahına inanaraq və güvənərək yəhudiləri Misir ərazisindən çıxardacağı ilə bağlı fikirlərini qəti şəkildə bildirir. Misirdən çıxma xəbərini yəhudilər eşidən zaman yolda yemək üçün dərhal çörək bişirmək qərarına gəlirlər. Lakin vaxt məhdudiyyəti olduğu üçün onlar mayasız çörək, yəni Matsa hazırlayırlar. Məhz “Pesax bayramı”-nda yəhudi ailələrinin süfrələrinin bəzəyi həmin mayasız çörək olan Matsadır. Musa peyğəmbər yəhudiləri Misirdən çıxararkən Fironun ordusu onları təqib edir. Musa peyğəmbərin və yəhudilərin qarşısında keçilməsi mümkün olmayan Qırmızı dəniz var idi. Bu zaman Musa peyğəmbərə Allahdan vəhy gəlir : “Ey Musa,əlindəki əsanla dənizə vur!”. Bu an dəniz 2 yerə ayrıldı, Musa peyğəmbər və digər yəhudilər dənizi keçdilər. Arxadan gələn ordu isə dəniz suları altında qalaraq öldü.
Dağ yəhudilərinin dini görüşlərində yəhudi bayramlarının qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd etmək istəyirəm ki, dağ yəhudiləri bayramları nisbətən fərqli adlandırırlar. Məsələn: “Pesax – Nisonu”, “Purim – Qomonu” , “Şavuat – Asal ta” , “Roş ha-Şana – Aravo” adlandırırlar. Bu bayramlar içərisində “Pesax” və “Purim” daha böyük nüfuza sahibdir. Bayramların hər birində müxtəlif ayinlərə rast gəlmək olar. “Pesax bayramı” Musa peyğəmbərin adı ilə bağlıdır. Belə ki, müqəddəs Tuva vadisində (bəzi mənbələrdə Tur dağı söylənilir) Allah və Musa peyğəmbərin söhbəti baş tutmuşdur. Allah Musaya buyurdu: “Ey Musa,mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Sənə vəhy etdiyimə qulaq as. Şübhəsiz, mən Allaham, məndən başqa Tanrı yoxdur. Mənə ibadət et və məni anlamaq üçün namaz qıl! Qardaşın Harun ilə birgə Fironun yanına get və ondan Allahın adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə “.
Və göründüyü kimi “Pesax bayramı” Misir əsarətindən azad olunma ilə bağlı olaraq qeyd olunan bayramdır. Bu bayram ilə bağlı bir çox məsələlərə Musa peyğəmbərin “Çıxış” kitabında rast gəlmək olar. “Pesax bayramı”-nı bütün dünya yəhudiləri kimi dağ yəhudiləri də qeyd edir. Bayramın keçirildiyi gün ərzində yalnız Matsa (mayasız çörək) yeməyə icazə verilir. Matsanın hazırlanması qaydası isə belədir: ilk növbədə buğdanı yağış suyu dəyməyən xırmandan alıb onun yeni qabda əkirlər. Pesaxa 30 gün qalan zaman yalnız sağ buğdaları seçib dəyirmanda üyüdürlər. Ravvin xeyir-dua verdikdən sonra ondan çörək bişirirlər. Maraqlısı budur ki, çörəyi kişilər yeni təndirdə bişirməlidir. Bu çörəyi kəsmək üçün yalnız yeni bıçaqdan istifadə edirlər. Pesax bayramında bütün köhnə qab-qaşıq yenisi ilə əvəzlənir. Pesax süfrəsində matsadan başqa mütləq acı otlar,xaroset(sürtkəcdən keçirilmiş almalar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən çıxışın tarixini danışır və danışığını nümunələrlə izah edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Seder (bayram) axşamında birinci Aqada qədim Yəhudi dilində, ikinci isə Cuhuri dilində oxunulur. Bunları oxuyarkən isə qırıq gil qaba bir qədər kül əlavə olunur və yumurta qabığı qoyularaq 10 damcı şərab tökülür. Pesax bayramı 8 gün davam edir. Bu günlərdə quru balıq və şirniyyat yeyilmir. Dağ yəhudilərinin dini inancına görə sonuncu gün evin damına çıxaraq bacaya bir qədər ot atırlar, çünki ənənəyə görə bu bayram baharın gəlişinə işarədir. Bundan başqa dağ yəhudiləri Pesaxda tonqal yandırır və onun üzərindən atlanaraq Cuhuri dilində nəğmələr oxuyurlar.
Öz adımdan bütün Yəhudi xalqını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir və Tanrının daim nəzərində olmalarını arzu edirəm. Mən 2 bayraq təmsilçisi olduğuma görə fəxr edirəm! Yaşasın Azərbaycan və İsrail dostluğu.
Hörmətlə:
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi İsrail üzrə regionşünaslıq ixtisasının 2-ci kurs tələbəsi.

Hokm.az
















