Azərbaycanın Milli Qəhrəmanının ailəsi Xarkovdan Bakıya təxliyə edilirbackend

Azərbaycanın Milli Qəhrəmanının ailəsi Xarkovdan Bakıya təxliyə edilir

Ukrayna Respublikasında davam edən müharibə ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryogin ailəsinin təxliyəsi istiqamətində təxirəsalınmaz işlər aparılır. Seryoginin ailəsinin Xarkov şəhərində yerləşən binaya mərmi düşməsi nəticəsində onların mənzili tamamilə dağıdılıb. Milli Qəhrəmanın ailə üzvlərinin tez bir zamanda təxliyyə olunması üçün bir neçə qurum fəal işə başlayıb.

 

Bu barədə Hokm.az-a Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib.

 

Bildirilib ki, Milli Qəhrəmanının ailəsinin Azərbaycana təxliyəsi üçün Milli Məclisin deputatı Rüfət Quliyev, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının həmtəssisçisi Cəmilə Abdullayeva,  “Kiyev Azərbaycanlıları Konqresi” İctimai Təşkilatının sədri Oleq Krapivin lazımi tədbirləri həyata keçirirlər. Seryoginin ailəsini Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qarşılayacaq və ailənin tam təhlükəsiz olaraq Bakıya uçuşunu təşkil edəcək.

 

Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyevic Seryoginin ailəsinin təhlükəsiz şəkildə Bakıya qayıtması və dövlət tərəfindən şəhid ailələri üçün təsis olunan bütün imtiyazlardan istifadə etməsi, xüsusilə bu ailələrə verilən mənzillə təmin olunması üçün bütün mümkün əlaqələrdən istifadə edilir. Bu haqda əlaqədar şəxs deputat Rüfət Quliyev tərəfindən qurumlara rəsmi müraciətlər olunub.

 

Qeyd edək ki, Viktor Vasilyeviç Seryogin 23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olun. O, 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertalyotuna pilot təyin edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmətləri olmuş və dəfələrlə orden və medallarla təltif olunub.

 

V.V. Seryogin Birinci Qarabağ müharibəsində sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarır, erməni yaraqlılarının postlarını darmadağın edirdi. Onun idarə etdiyi vertolyot dəfələrlə atəşə tutulsa da, Viktor vertolyotu təmir etmiş və uçuşları davam etdirib. O, Ağdərə, Şuşa, Ağdam səmasından işğalçı erməni separatçıları ilə qəhrəmancasına döyüşürdü. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşıyıb. O, 1992-ci il 28 yanvar tarixində dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlılarının qəfil atəşi nəticəsində vertalyot alovlanır. Dinc sakinlərin həyatını xilas etmək üçün qəhrəman pilot alova bürünmüş vertalyotun istiqamətini dəyişməyi bacarır, xeyli sayda insan tələfatının qarşısını ala bilir, lakin özü vertalyotun heyəti ilə birlikdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1998-ci ildə qəhrəman pilotun həyat yoldaşı, iki övladı ilə bərabər Ukrayna Respublikasının Xarkov şəhərinə köçüb.

  •  (0)
  •  (0)