Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb. Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar. Bununla da Azərbaycanda nazir müavini olan xanımların sayı 6-ya çatıb. Qeyd edək ki, Azərbaycanda 17 nazirlik və ümumilikdə 67 nazir müavini vəzifəsi mövcuddur.
Son sərəncam zamanı diqqətçəkən məqam nazir müavini təyinatı alan Mariana Vasilevanın idmançı olması ilə bağlıdır. Məlumat üçün deyək ki, bu Azərbaycanda ilk idmançı məmur təyinatı deyil. Bundan öncə də oxşar təyinatlar olub.
Hokm.az bu məqamdan yola çıxaraq, yüksək vəzifələrdə çalışan idmançı məmularla bağlı araşdırma aparıb.
Başlayaq elə yenə təyin olunan Marina Vasilevadan. O, 1974-cü ildə Bolqarıstanda doğulub.
O, Bolqarıstan yığmasının heyətində gimnast kimi çıxış edib. Karyerasını başa vurduqdan sonra isə “Levski” klubunda məşqçi kimi işləməyə başlayır. M. Vasileva 2007-ci ildə Azərbaycan yığmasından təklif alsa da, o, ölkəmizə 2009-cu ildə gəlib. Həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərir. Məhz onun rəhbərliyi dövründə Azərbaycan gimnastları beynəlxalq miqyasda böyük uğurlar əldə edib.
Müdafiə Sənayesi naziri Mədət Quliyev də idmançı məmurlardandır. M.Quliyev ilk ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda alıb.
1971-ci ildən idmanla məşğul olan Mədət Quliyev, 1976–1980-cı illərdə sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edib və bir-sıra yarışlarda uğurlar qazanıb. Karate üzrə III dan qara Kəmərə sahib olan Mədət Quliyev, 1979-cu ildə SSRİ idman ustası normativini yerinə yetirib. Son təyinata qədər Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Milli Təhlükəsizlik nazirinin birinci müavini, Azərbaycanın ədliyyə nazirinin müavini, Azərbaycanın Penitensiar Xidmətinin rəisi vəzifələrində çalışıb.
Milli Məclisin sədr müavini, Parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev həm də idmançıdır.
Vitse-spiker 2016-cı ildə 35 professional idmançının qatıldığı turnirin qalibi olub. İtaliyada kikboksinq turnirində rumıniyalı rəqibini məğlub edən A.əliyev çempion titulunu qazanıb. Uzun müddət Azərbaycan Kikboksinq Federasiyasına rəhbərlik edib. Hazırda bu federasiyanın fəxri rəhbəridir. 2005-ci ildən deputat mandatı daşıyır və bundan öncə Daxili İşlər Nazirliyi sistemində çalışıb. Polkovnik rütbəsində DİN sistemindən təqaüdə çıxıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva ölkəmizin tanınmış şahmatçılarındandır. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.
1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.
Bununla yanaşı tanınmış idmançılarımız – Elnur Məmmədli, Fərid Mansurov, Namiq Abdullayev, Ceyhun Məmmədov, Zemfira Meftahətdinova, Xəzər İsayev, Eduard Məmmədov, Zülfiyyə Hüseynova da yüksək dövlət vəzifələrində çalışır. Deputat Ülvi Quliyev də idmançıdır.
Mikayıl Mirzəzadə
Hokm.az