Azərbaycanın ən məntiqsiz layihəsi – Təcili imtina edin!backend

Azərbaycanın ən məntiqsiz layihəsi – Təcili imtina edin!

Azərbaycan tarixində məmurların, məmurlara bağlı biznes çevrələrinin çox sayda fırıldaq, büdcəni sökən, dövlət banklarından kredit götürüb qaytarılmayan layihələri olub. Amma onların arasında ən məntiqsizi, ən aferisti, göz görə-görə camaatı dolayanı “Xəzər adaları” layihəsidir.

Layihənin görünən üzü İbrahim Hehrəmli 2011-ci ildə bu ideyanı elan edərkən demişdi ki, bu layihə 120 mlrd. dollara başa gələcək – həmin il Azərbaycanın büdcəsi 15,7 mlrd. manat olub, yəni, adam dövlət büdcəsindən 7 dəfə çox olan bir layihəyə başladığını elan etdi, həmin söhbəti TV kanallar, media tirajlamağa başladılar. Nehrəmli biznesinin əsas aktivi ən yüksək çinli məmurlara yaxın, dost olması idi. Nəticədə Hacı İbrahim Beynəlxalq Bankdan 800 mln. manat – 1 mlrd. dollar kredit aldı. Bakıdan 25 km uzaqlıqda 1 mlrd. dollarlıq kreditə 5-6 binanın “skileti” ucaldıldı, paralel olaraq Hacı İbrahim elan etdi ki, orda evləri satışa çıxarır, kvadrat metrinə 5100 dollar (!) qiymət qoydu, təbii ki, müştəri tapılmadı. Belə evlərin potensial müştəriləri oğru məmurlar ola bilərdi, zatən bizdə varlı kəsim onlardır, amma onlar da oğru olsalar da, ağılsız deyillər – Sağı-solu sement zovodları, sənaye müəssisələri olan, havası, dənizi çirkli, küləklərin “döydüyü” bir məkanda heç kim o qiymətə ev almazdı.

Həmin zaman 100 m2 mənzilə 510000 dollar qiymət qoyulmuşdu, o pula 2011-ci ildə, məsələn, Bolqarıstanda 10 villa almaq olardı.

Hacı bir necə iri türk iş adamlarına, o cümlədən məşhur Əli Ağaoğlunu Bakıya dəvət etdi, həmin yeri göstərdi, şərik olmağı təklif etdi, amma iş alınmadı – ağlı başında olan iş adamı təklifləri qəbul etmədi. Sonrasını bilirsiz – Beynəlxalq Bankla bağlı cinayət işi, Hacını gah tutdular, gah buraxdılar, sonra da o layihəni Beynəlxalq Bankın balansına alıb Hacıya bütün borcu bağışladılar – çünki Hacı o 1 mlrd. dolları tək “yeyəmişdi”.

Sonra Beynəlxaq Bankı toksik kreditlərdən təmizləmək, balansını normallaşdırmaq üçün Xəzər Adaları layihəsinin adını dəyişib “Yeni Şəhər” qoydular və yeni yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verdilər. Bu ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovdur, Müşahidə Şurasının üzvləri: Mikayıl Cabbarov, İnam Kərimov, Xalid Əhədov, Samir Şərifov, Elman Rüstəmov.

Əslində bu mənasız “Ağ Fil” layihəsinin yaranmasına göz yumanların bəziləri bu gün həmin Müşahidə Şurasında təmsil olunurlar, amma sözümün canı o deyil: “Azərbaycan Sənaye Korporasiyası” bu günlərdə “Yeni Şəhər” kompleksində infrastruktur layihələri üçün 40 adda (!) tender elan edib, məbləği elan etməyiblər, amma pulları yenə göyə sovururlar. Hələ həmin yerin nə olcağını, necə fəaliyyət göstərəcəyini bilmirlər, amma tender elan edib pul yeməklə məşğuldular.

2012-ci ildən, hələ problem yaranmadığı zamandan bu layihənin mənasız olduğunu söyləmişəm, sonra isə bu bataqlıqdan çıxmaq üçün yollar da təklif etmişım: Dövlət bu yükü üzərindən atmalı, xarici investor tapmalı, 49 illik həmin sahəni icarəyə verməli, həmin məkanda əyləncə və oyun zonasının təsis edilməsinə qərar verməlidir. Ora daimi yaşayış üçün uyğun deyil, amma otellər, restoranlar, əyləncə məkanları, kazinolar üçün çox uyğundur. Bakıya yaxın belə bir Əyləncə və Oyun Mərkəzinin yaranması onminlərlə iş yeri, yüzmilyonlarla illik dövriyyə, büdcəyə isə ildə onmilyonlarla vergi deməkdir.

Ziyanın yarısından qayıtmaq da kardır, nə qədər gec deyil, işğaldan azad edilmiş torpaqların bərpasına milyardlarla vəsait tələb olunan bir dövrdə mənasız layihəyə əlavə büdcə pulu xərcləməyin.

Natiq Cəfərli, iqtisadçı ekspert

  •  (0)
  •  (0)