Son günlər Azərbaycanda quş ətində bahalaşma müşahidə olunur.
Bunun səbəbləri ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev demokrat.az-a açıqlama verib. O bildirib ki, buna səbəb quş və yumurta istehsalçılarının Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklərlə rastlaşmasıdır. Ekspert qeyd edib ki, dünyada gedən bahalaşma da quş yemlərinin qiymətinə təsir edib: “Təbii ki, bu da Azərbaycanda qiymətlərə təsir edib. Onları saxlamaq üçün yem lazımdır, yem isə xaricdən gətirilir. Yəni, quşlar üçün xüsusi yemlərdir. Bundan əlavə qiymətin qalxmasında işbazların da rolu böyükdür. Çünki qiymət cüzi qalxan kimi, onlar da qiyməti qaldırırlar”.
Ekspert qeyd edib ki, xaricdən xüsusi qidaların gətirilməsinin səbəbi ölkəmizdə toyuqlara verilən qidaların saxlanılan quşlar üçün münasib olmaması ilə bağlıdır: “Həmin qidalar çox zaman geni dəyişdirilmiş qidalar hesab olunur. Yəni, onlar 40 gündən sonra quş əti üçün yararlı olurlar. Bundan əlavə, qiymətə təsir edən amillərdən biri vergi və gömrük rüsumlarıdır. Hesab edirəm ki, yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilməlidir. Yəni, bu idxalın ƏDV-dən azad olunması bu məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda isə bahalaşmanın qarşısını ala bilər”.