Azərbaycanda vəkillər peşə bayramını qeyd edirbackend

Azərbaycanda vəkillər peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Hokm.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i “Vəkil günü” kimi qeyd olunur.

Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.

Əsas vəzifəsi

Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Fəaliyyəti

Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Üzvləri

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1791 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 395 nəfərdir ki, bunlardan 95 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1396 nəfərdir, bunlardan 103 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 56, regionlarda isə 37 vəkil qurumu fəaliyyət göstərir.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində Vəkillər Kollegiyasının üzvləri də yüksək peşəkarlıqla iştirak edib və rəşadət göstərib.

28 dekabr peşə bayramı münasibətilə həmin 7 vəkilin “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları ilə təltif olunması və ailələrinə əlavə də 500 manat məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul olunub.

Xatırladaq ki, döyüşənlərin başladığı ilk günlərdən Rəyasət Heyətinin qərarına əsasən, “Vətən Müharibəsi” ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilmişdi.

Hokm.az olaraq, vəkil adını daşıyan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

  •  (0)
  •  (0)