May ayından etibarən qapalı məkanlarda maska tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə əlaqədar söyləntilər mövcuddur.
Hokm.az xəbər verir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov da bu istiqamətdə açıqlama verib.
Maraqlıdır, maska məhdudiyyətinin aradan qaldırılması ilə bərabər, vaksin pasportunun ləğvi də aktual ola bilərmi?
Mövzu ilə bağlı danışan deputat Cavanşir Paşazadə “sfera.az”-a bildirib ki, iyundan etibarən vaksin pasportunun da ləğv edilə biləcəyini deyib:
“Bu gün Azərbaycanda yoluxma sayı çox aşağıdır və demək olar ki, pandemiya yoxdur. Azərbaycan dövləti tərəfindən koronavirusla əlaqədar bütün məsələlərə vaxtında diqqətlə yanaşıldı və yetərli miqdarda vaksin gətirildi.
Dövlətin bu işdə tam nəzarətinin olması, insanların qaydalara riayət etməsi yoluxma sayının minimuma enməsi ilə nəticələndi. Ola bilsin ki, mayın 1-də maska məhdudiyyətinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilsin.
Vaksin pasportlarının ləğvi Azərbaycanda da həyata keçirilməlidir. Artıq ölkədə karantin qaydalarının yumşaldılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan vaksin pasportunun da iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir. Avropa bu pasportun ləğvi ilə bağlı qərar qəbul etdikdən sonra bizdə də belə bir sənədə gərək qalmayacaq”.