Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Layihəyə əsasən isə bu istisna aradan qaldırılacaq.
Başqa sözlə, hazırda yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır. Eyni zamanda, bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək.
Bununla da yeni tətbiq ediləcək qanunda vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.Report