Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir potensial təhlükəli virus – “meymun çiçəyi” ortaya çıxıb. Artıq Belçikada virusula bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar.
Maraqlıdır, “meymun çiçəyi” növbəti pandemiya ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, bu virus “orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən dörd növündən biridir və onun insanlarda ilk dəfə tapılmasından düz 50 il keçir:
“Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur. Bunu, hətta virusun 220 nuklein əsaslı cüt zəncirli DNT kodunun genom strukturunun sıralanma ardıcıllığının ilkin təhlili belə, söyləməyə əsas verir. Çünki, virusun genom quruluşunun sıralanma ardıcıllığında, aqressiv mutatik fəallığı təsdiq edən substruktur dəyişiklik və ya kəmiyyət, keyfiyyət fərqliliyi müşahidə olunmur. “Meymun çiçəyi” virusunun indiyə qədər geniş yayılmamasının səbəbini, ola bilər ki, insanların “təbii çiçək” virusuna qarşı peyvənd almaları ilə əsaslandırsınlar. “Təbii çiçəyə” qarşı peyvənd, həm də “meymun çiçəyinə” qarşı baryerdir”.
Mütəxəssis bildirib ki, 1980-cı ildən başlayaraq günümüzə qədər, hər 2-4 ildən bir sporadik olsa belə, “meymun çiçəyi” virusuna, dünyanın müxtəlif ölkələrində yoluxma halı olur:
“Bunlardan yoluxma sayına görə, ən böyüyü, 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə Nigeriyada (172 nəfər) olub, lakin ölüm faktı qeydə alınmayıb. Hazırda isə “meymun çiçəyi” virusu ilə bağlı ölkəmizdə narahatlıq doğura biləcək qorxulu epidemioloji vəziyyət yoxdur və heç vaxt da olmayacaq”.
Xatırladaq ki, bu virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.