Azərbaycanda maaş və pensiyalar arta bilər – Deputatdan büdcə dəyişiklikləri ANONSUbackend

Azərbaycanda maaş və pensiyalar arta bilər – Deputatdan büdcə dəyişiklikləri ANONSU

“Nazirlər Kabinetinin cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verilib. Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün cənab Prezidentə təqdim olunacaq. “Büdcə Sistemi” haqqında Qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün feysbuk hesabında yazıb.

Millət vəkilinin sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub:

“Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb.

Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil”.

Vüqar Bayramov bildirib ki, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırılacağı da gözləniləndir.

“Bütövlükdə, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.5 faizinin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Bu il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır”, – deyə iqtisadçı deputat qeyd edib.

  •  (0)
  •  (0)