“Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin çox yüksək olması həm iqtisadiyyat, həm də əhali üçün ciddi problemlər yaradıb və yaratmaqda davam edir”.
Bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, əhalinin banklara borclu olan hissəsinin evləri, digər daşınmaz əmlakları, maşınları, zinət əşyaları və s. əllərindən çıxır:
“Biznes kreditlərinə tətbiq olunan yüksək faizlə pul götürüb, istehsal qurmaq və uğurlu fəaliyyət göstərmək demək olar ki, qeyri-mümkündür. Biznes strukturlarının xeyli hissəsi yüksək faizlə aldıqları kreditləri qaytara bilmədiyindən, çıxılmaz vəziyyətə düşür və sıradan çıxırlar. Bank faizlərinin yüksəkliyi həm əhali, həm də biznes aləmində ciddi narazılıq mənbəyidir. Bu baxımdan, faizlərin aşağı salınması tez-tez gündəmə gələn məsələlər sırasındadır. Son vaxtlar faiz dərəcələrinin aşağı salınmasına yönəlik müəyyən mexanizmlərin tətbiqinə səylər göstərilir. Belə ki, kredit faizlərinin aşağı salınması ilə bağlı dünyada geniş tətbiq edilən daşınar əmlakın yüklülüyünün dövlət reyestri və kredit zəmanəti mexanizmi yaradılıb. Amma görünən odur ki, beynəlxalq praktikada özünü yaxşı göstərə bilən həmin mexanizmlər hələ ki ölkəmizin kredit bazarında faiz dərəcələrinin aşağı enməsinə təsir edə bilmir. Hazırda infliyasiyanın 12 faizin üstündə, depozitlərə görə faiz dərəcəsinin isə demək olar ki, buna yaxın olduğu bir şəraitdə bankların faiz dərəcələrinin nəzərəçarpan dərəcədə aşağı salmağa gedəcəkləri real görünmür. Bununla belə bank faiz dərəcələrinin bir neçə faiz bəndi aşağı salınmasının mümkünlüyünü əsaslandırmaq olar. Amma bu, məsələnin köklü həll yolu deyil”.
Deputat bildirib ki, bank faiz dərəcələrinin aşağı salınmasına davamlı xarakter alıb, onun ikirəqəmli səviyyədən etibarlı şəkildə birrəqəmli səviyyəyə enməsini təmin etməkdən ötrü, ölkədə iqtisadi sistemin, eləcə də maliyyə-kredit, bank, məhkəmə sistemlərinin köklü islahatlarına ehiyac var:
“Müvafiq qanunvericiliyin yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına uyğun surətdə yenilənməsinə, o cümlədən Rəqabət və Bank Məcəllələrinin qəbul edilməsinə, xaricdən əlverişli şərtlərlə kredit resursları cəlb edilməsinin dairəsinin genişləndirilməsinə, iqtisadiyyatın bütün sahələrində, o cümlədən bank sistemində sağlam rəqabətə rəvac verilmsinə, şəffaflığın təmin edilməsinə, proqram xarakterli sistemli tədbirlərin həyata keçirilməsinə böyük ehtiyacı var”.