Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ – FOTObackend

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ – FOTO

Ölkədə pandemiya ilə mübarizə davam etdirilir. Təəssüf ki, son günlər Azərbaycanda koronavirusa yoluxmaların sayında ciddi artım müşahidə edilir. Ötən gün koronavirusa 980 nəfər yoluxub, 12 nəfər isə ölüb. Günbəgün artan yoluxma sayı isə əhali arasında narahatlıq yaradır.

Unutmaq olmaz ki, pandemiya hələ bitməyib. Koronavirus infeksiyası hələ də aktivdir. Yoluxmaların sayının artması hazırda vəziyyətin get-gedə gərginləşməsindən xəbər verir.

Bəs belə bir şəraitdə insanlar nə etməlidir? COVID-19 virusuna yoluxma sayını azaltmaq, özümüzü qorumaq üçün hansı addımları atmalıyıq?

Bu barədə oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Reanimasiya və anesteziologiya şöbəsinin həkim-reanimatoloqu Rəşad Nəsirli danışıb.

O bildirib ki, COVID-19 virusundan birdəfəlik qurtulmaq mümkün deyil:

“Bunun üçün zaman lazımdır. Qarşıdan Novruz bayramı gəlir. Təbii ki, bayram günlərində insanlar dincəlmək, əzizlərini görmək üçün bölgələrə səfər etmək istəyirlər. Paytaxt sakinləri də bayramlaşmaq, birgə maraqlı zaman keçirmək istəyir. Bəzilərimiz artıq planlarımızı da qurmuşuq desək, yalan olmaz. Lakin, buna yol verməmək tövsiyə olunur.

Nəzərə almaq lazımdır ki, pandemiyanın ilkin mərhələsində orta yaşlı, təxminən 35-40 yaş qrupundan olan insanlar arasında koronavirusa yoluxma az olurdusa, hazırda təəssüf ki, bu göstəricilərdə artım var. Hətta gənclər arasında da koronavirusa yoluxma geniş yayılıb.

Bu o deməkdir ki, koronavirusa yoluxmanın yaş faizi aşağı düşüb, ölüm faizi isə artıb. Artıq COVID-19 infeksiyası insanların risk qrupuna daxil olub-olmamasından asılı olmayaraq, hamı üçün ciddi təhlükədir”.

Son günlər Bakıda bir neçə məktəbin koronavirusa yoluxma faktı səbəbindən bağlanması məsələsinə də toxunan həkim bildirib ki, bu virus yaşından asılı olmayaraq, bütün kateqoriyadan olan insanları qəfil yaxalaya bilər:

“Həkim kimi deyə bilərəm ki, bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət dünyanın bir sıra ölkələrindən daha yaxşıdır. Biz bu sabitliyi qorumalıyıq. İnsanlar arxayınlaşmamalı, zəruri olmadığı halda səfərlərdən yayınmalıdır.

Bayram günləri evdə olduğunuz halda gününüzü səmərəli keçirin. Kitab oxuyun, açıq havada gəzin, uşaqlara çox vaxt ayırın. Belə olan halda, bu bəşəri bəlanın öhdəsindən birlikdə gələ biləcəyik. Bir tərəfdən vaksinasiya, digər tərəfdən də insanların məsuliyyəti, gigiyenik qaydalara riayət edilməsi dövrümüzün bəlası olan koronavirusdan qurtulmağa kömək edəcək”.

  •  (0)
  •  (0)