“Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur” – Mədinə Paşayevabackend

“Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur” – Mədinə Paşayeva

“Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı yolunu seçmiş dövlətlərlə hərtərəfli əməkdaşlıq əlaqələrini təmin etməsi ölkəmizin gələcək uğurlarını şərtləndirən başlıca faktorlardan idi. Məhz bu siyasət Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevirdi”.

Bu sözləri “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi, iş adamı Mədinə Paşayeva söyləyib.

Onun sözlərinə görə, Heydər Əliyev istər birinci, istərsə də ikinci hakimiyyətləri dövründə Azərbaycan xalqının rifahı naminə misilsiz addımlar atıb: “Həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi olaraq Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal əhəmiyyətli layihələr gələcək uğurlarımızın bünövrəsi rolunda çıxış etdi. Ötən 30 il ərzində Azərbaycan çox ciddi inkişaf yolu keçdi. Azərbaycanın inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdi və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən ləyaqətlə və uğurla davam etdirilir. 44 günlük vətən müharibəsində əldə olunan tarixi Zəfər, ölkə miqyasında həyata keçirilən kompleks və instusional islahatlar və bu islahatların doğurduğu nəticələr əminliklə söyləməyə əsas yaradır ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”.

Paşayeva qeyd edir ki, Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi ölkəmizin parlaq gələcəyindən xəbər verir: “Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq, dünyadakı ən qabaqcıl texnologiyaların və innovativ yeniliklərin ölkə həyatında tətbiqinə geniş meydan verilir. “Elektron hökumət”in, idarəetmədə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi buna bariz nümunəsidir. İdarəetmənin müasir texnologiyalar üzərindən həyata keçirilməsi, rəqəmsal iqtisadiyyat quruculuğu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə geniş vüsət alaraq yeni qlobal trendə çevrilib. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 5-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Bütün bunların fonunda Azərbaycanda da bu sahənin inkişafına xüsusi diqqət ayrılması, işğaldan azad edilmiş 10 min kvadratkilometrədək ərazinin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş meydan verilməsi, elektron qaydada dövlət proqramlarının tərtib olunması mütərəqqi məqamlardır” – müsahibimiz vurğulayır.

Əlavə edir ki, yeniyetmələ və gənclər arasında rəqəmsal bacarıqların artırılması da dövlətin elan etdiyi prioritet istiqamətlərdən biridir: “Azərbaycan mühüm enerji və nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi bütün sahələrdə rəqəmsallaşmaya keçid mərhələsinə qədəm qoyub. Hazırda ölkəmizdə rəqəmsal texnologiyalardan istifadəyə daha çox üstünlük verilir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi getdikcə daha çox aktuallıq kəsb edir. Gələcəyi rəqəmsallaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu əsnada məktəblilər və gənclər arasında rəqəmsal bacarıqların artırılması, peşəkar kdarların hazırlanması, dünya müstəvisinə çıxarılması, rəqəmsal təhsil müəssisələrinin yaradılması, inkişafı sahəsində görülən işlər, dövlətin bu sahəyə dəstəyi xüsusi qeyd edilməlidir” – deyə Paşayeva fikrini tamamlayır.

  •  (7)
  •  (0)