Tarixi Zəfərin yaratdığı reallıq – inteqrasiya qaçılmazdır…backend

Tarixi Zəfərin yaratdığı reallıq - inteqrasiya qaçılmazdır...

Prezident İlham Əliyev ötən ilin oktyabrında yerli televiziya kanallarına müsahibəsi zamanı bildirdi ki, artıq sülh prosesinə təkan verilib. Dövlət başçısnın sözlərinə görə, Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycan qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və biz digər vətəndaşlarımız kimi, Qarabağda yaşayan ermənilərə də bütün hüquqları şamil edəcəyik.

44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Qalib dövlət olaraq Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına start verməli, bununla da regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğumuzu nümayiş etdirməliyik. Bu xüsusda Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi mühüm addımdır.

Unutmayaq ki, Azərbaycanın tarixi qələbəsini şərtləndirən vacib amillərdən biri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun şücayəti idisə, digəri praqmatik və rasional idarəçilik sistemi idi. Ermənistanın işğalçılıq siyasəti yürütdüyü, saxta tarixlər uyduraraq əhalisini ovsunladığı dövrlərdə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan tarixi Zəfərə hazırlaşırdı. Və buna nail oldu!

Bu gün isə üzərimizə düşən başlıca vəzifələrdən biri Qarabağ regionunda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etməkdir. Bu xüsusda pafoslu, bəlağətli yaşaşmalar inkar olunmalı, sülhayaratma prosesində mövqeyimizi bütün dünyaya bəyan etməliyik. Pafoslu bəyanatlara əhəmiyyət versəydik, nə tarixi Zəfər qazanar, nə də tarixi uğurlara imza atardıq…

Müəllif: Azər Niftiyev

  •  (1)
  •  (0)