Azərbaycan səni unutmayacaq: “Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı – VİDEObackend

Azərbaycan səni unutmayacaq: “Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı – VİDEO

Qubadlının azadlığı uğrunda şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Şükür Həmidovla bağlı iki il əvvəl “Aprel yüksəkliyi” sənədli filmi çəkilib.

Filmdə qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur.

“1995-ci il leytenant hərbi rütbəsi aldım və təyinatımı Naxçıvan Muxtar Respublikasına verdilər.

Naxçıvanın Culfa şəhərində “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başladım, ön xəttə çıxdım. Sonra Tərtərdə briqada komandiri oldum. Tez-tez şəxsi heyətlə görüşürdüm.

Məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu”.

Polkovnik-leytenant “Aprel döyüşləri” ilə bağlı xatirələrini elə döyüşün getdiyi yüksəkliklərdə danışıb. O bildirib ki, cəsur hərbçilərimizlə birlikdə düşmənə dərs veriblər:

“Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Qruplarımız da burada ayrıldı.  Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşqınlıq içərisində idi, başlarını itirmişdilər.

Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu bir həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər.

Bir saatın sonunda həmin təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”.

Xatırladaq ki, Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.

  •  (0)
  •  (0)