Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Keçirilən görüşlərdə Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə təkliflər də səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib.
Sədr, həmçinin Türk Dövlətləri Təşkilatı vasitəsilə türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlğın gücləndirilməsi ilə bağlı da təkliflər irəli sürüb. Bundan başqa, türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadını olan Sürəyya Ağaoğlunun yubileyinin Şuşa şəhərində qeyd etmək barədə niyyətini də dilə gətirib.
A.Bağırov, eyni zamanda 2023-cü il – “Heydər Əliyev ili” əlaqədar olaraq Azərbaycanda müstəqil vəkilliyin yaranmasında Ulu Öndərin rolu ilə bağlı bütün türk dövlətlərindən olan vəkillərin iştirakı ilə xüsusi konfrans keçirmək arzusunda olduqlarını bildirib.
Vəkillər Kollegiyası sədrinin təklifləri Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən maraqla qarşılanıb. Qeyd olunan məsələlərin Türkiyə-Azərbaycan, eləcə də türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Sonda xatirə şəkilləri çəkilib.