Azərbaycan Prezidenti: “Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da, Minsk qrupunun üzvüdür”backend

Azərbaycan Prezidenti: “Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da, Minsk qrupunun üzvüdür”

Bir daha demək istəyirəm ki, Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında mütləq fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi.

Hokm.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində səsləndirib.

“Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır”, – deyə dövlətimizin başçısı vurğulayıb

Azərbaycan Prezidenti sözünə davam edərək deyib: “Əgər biz bu münaqişənin həll olunmasını istəyiriksə, elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.

  •  (0)
  •  (0)